«Strässerin həmməruzəçi kimi Azərbaycana gəlməsini istəmirik»

Milli Məclis

«Strässerə bizim hörmətimiz var. Ancaq onun siyasi məhbus üzrə həmməruzəçi kimi Azərbaycana gəlməsini istəmirik».

Bunu fevralı 1-də parlamentin yaz sessiyasının ilk iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Siyavuş Novruzov isə deyib ki, Azərbaycanın hüquq müdafiəçiləri kimin adını gəldi siyasi məhbus kimi Avropa Şurasına aparıb çıxarır.

Vitse-spiker Ziyafət Əsgərov isə bildirib ki, ümumiyyətlə, Avropa Azərbaycana yanaşmada «mağara mədəniyyəti»ndən istifadə edir. Onun fikrincə, hamı Azərbaycan dövləti, prezidentinin ətrafında birləşməlidir:

«Artıq bunlara qarşı ciddi addımlar atılmalıdır».

Ziyafət Əsgərov deyib ki, Avropa Şurası, beynəlxalq qurumlar Azərbaycanın daxili işlərinə qarışmaq üçün siyasi məhbus anlayışından istifadə edirlər.

«RƏSULZADƏNİN HEYKƏLİ YOXDUR, AMMA HÜSNİ MÜBARƏKƏ HEYKƏL QOYULUR»

Ümid Partiyasının sədri İqbal Ağazadə isə parlamentdəki çıxışında Tarif Şurasının qiymətləri qaldırmasına toxunub.
İqbal Ağazadə
O deyib ki, bu məsələ hökumətin parlamentdə hesabatına qədər müzakirə olunmalı və hökumətdən izahat istənilməlidir.

İqbal Ağazadə M.Ə.Rəsulzadənin Azərbaycanda hələ də heykəlinin qoyulmamasına da toxunub:

«Rəsulzadənin heykəli olmadığı halda, Misir prezidenti Hüsni Mübarəkə Bakıda heykəl qoyulub».

«28 May - Respublika Günü ilə əlaqədar qızıl amnistiya olmalıdır. Bu akt ömürlük məhbuslara da şamil olunmalıdır». Bunu da İqbal Ağazadə deyir.

«İRANLA AZƏRBAYCAN ARASINDA VİZASIZ GEDİŞ-GƏLİŞ OLMAMALIDIR»

Ana Vətən Partiyasından olan deputat Zahid Oruc bildirib ki, İranla bağlı fikirlər artıq açıq deyilməlidir. O, azərbaycanlıların İrana getməsini, İranda təhsil almasını qadağan etməyə çağırıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da deyib ki, İranla bağlı konkret addımlar atılmalı, İranla Azərbaycan arasında vizasız gediş-gəliş təmin olunmamalıdır.

«QONŞU ÖLKƏLƏRDƏN HEYDƏR ƏLİYEVƏ DİL UZADIRLAR»

«Heydər Əliyevin nüfuzunun qorunması haqqında qanun layihəsi hazırlanmalıdır».

Bu fikri parlamentin iclasında deputat Jalə Əliyeva səsləndirib. O deyib ki, hazırda qonşu ölkələrdə adını çəkmək istəmədiyi şəxslər belə Heydər Əliyev barədə yazılar yazırlar.

«Qonşu ölkələrdən artıq Heydər Əliyevə dil uzadırlar. Buna yol vermək olmaz».

Deputat Fəzail Ağamalı isə bildirib ki, eks-prezidentlər haqqında qanun qəbul olunmalıdır. Hazırda bu qanun yoxdur deyə, Heydər Əliyev haqqında kim nə istəyir yazır, onlara qarşı heç bir addım atılmır:

«Bu qanun qəbul olunsa, artıq bu cür hərəkətlərə son vermək olar».