Macarıstan mübahisəli media qanununu ləğv edir

Macarıstanın Baş naziri yeni qəbul edilmiş mübahisəli media qanunun yaratdığı siyasi gərginliyi aradan qaldırmaq istədiyini bildirir. Baş nazir Viktor Orban yanvarın 7-də deyib ki, əgər Avropa tələb edirsə, Macarıstan öz qanununu dəyişə bilər: “Amma təzyiqlərə, kampaniyalara ehtiyac yoxdur.”

Bu barədə Orban Budapeştdə Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. Barroso da Baş nazirin bu vədini alqışladıqlarını bildirib.

Tənqidçilər deyirdilər ki, yanvarın 1-dən qüvvəyə minən qanun Macarıstanda Sovet dövrü jurnalistkasına qayıdışdır. Həmin qanun hakim partiyanın nəzarətində olan quruma medianı “balanslı” olmayan məlumatlara görə cəzalandırmaq hüququ verirdi.