Neftin qiyməti son 26 ayda ən yuxarı səviyyəyə çatıb

Birjalarda neftin qiyməti qalxır

A. Applebaum neftin qiymətinin qalxmasında Rusiyanın qonşularının və demokratiya carçılarının ziyan çəkə biləcəklərini yazır

«Associated Press» agentliyinin məlumatına görə yeni ilin ilk günlərində - yanvarın 3-də neftin bir bareli 92 dolları keçib. Agentlik sonuncu dəfə neftin 2008-ci il oktyabrın 3-də buna yaxın qiymətə satıldığını bildirir. O zaman neftin bareli 94 dollara yaxın idi.

AP yazır ki, neft ötən ilin son günlərindən bahalaşmağa başlayıb. Və təhlilçilərin agentliyə bildirdiklərinə görə 2011-ci il boyu neftin qiyməti artmaqda davam edəcək. Onlar bu il üçün neftin barelinin orta qiymətinin 100 dollar olacağını gözləyirlər.

Azərbaycan 2011-ci ilə dair dövlət büdcəsində neftin barelinin qiyməti 60 dollardan hesablanıb. Əgər bütün il boyu neftin qiyməti 100 dollar olsa, onda Azərbaycan satdığı hər barel neftdən əlavə 40 dollar pul qazanacaq. Azərbaycanda bu pullar Neft Fonduna cəmlənir. Son illər büdcəyə yenidən baxılıb, xərclərin artırılması təcrübəsi də mövcuddur.

«Washington Post» qəzetində neftin qiymətlərinin artması və bunun Rusiyada siyasətçilərə təsiri mövzusunda Anne Applebaum maraqlı araşdırma ilə çıxış edib. Onun fikrincə, neftin qiymətinin artması Rusiyanın qonşularına və ölkə daxilində demokratiya çarçılarına yaxşı bir şey vəd etmir.

Anne Applebaum son 40 ildə neftin qiyməti ilə Rusiya siyasətini bu cür əlaqələndirir:

1970-ci illər

Əvvəlki onilliklərdə barreli 2-3 dollar olan neftin qiyməti əhəmiyyətli əhaəmiyyətli dərəcədə yüksəlməyə başladı. OPEC-in qərarları neftin qiyməti yüksəldikcə, Rusiyada da durğunluq və xarici təcavüz genişlənirdi. O zaman Sovet lideri Leonid Brejnyev hərbi xərcləri artırır, ölkə daxilində islahatları dayandırırdı. Neftin barreli 25 dollar olanda – 1979-cu ildə isə Sovet İttifaqı Əfqanıstana girdi.

1980-ci illər

Enn Applebaum
Brejnyevi əvəz edən Yuri Andropov da neftin yüksək qiymətlərindən əldə edilən rahatlığı yaşadı. Andropov öləndə - 1984-cü ildə neftin barreli 28 dollar idi. Bu qiymət hesabına Andropov ölkə daxilində dissidentləri rahatca əzir, Qərblə barışmaz siyasəti davam etdirə bilirdi.

Andropovu əvəz edən Qorbaçovun isə neftin qiyməti sarıdan bəxti gətirmədi. O hakimiyyət başında olan – 1986-cı ildə neftin qiyməti barelə 14 dollara düşdü. Belə bir zamanda Qorbaçov yenidənqurma və aşkarlıq adlı islahatlarına başladı.
1989-cu ildə Berlin divarı dağılanda, Mərkəzi Avropa azad olanda, soyuq müharibə bitəndə neftin qiyməti 18 barel idi.

1990-cı illər

Bu illərdə neftin qiyməti tez-tez enib-qalxsa da ciddi yüksəliş olmurdu. 1998-ci qiymət 11 dollara düşəndə Rusiya prezidenti Boris Teltsin ABŞ prezidenti Bill Klintonun ən yaxşı dostu olmağa çalışırdı. Rusiyada media xeyli azad idi.
Amma 1999-cu ildə neftin bareli 16 dollar olanda Yeltsinin Baş naziri kimi çalışan Vladimir Putin ikinci Çeçenistan müharibəsini başladı. Rusiyada təzədən Qərb əleyhinə ovqat yüksəldi. Qərb Belqradı bombaladı.

2000-ci illər

Neft uzun bir dövrdə bahalaşmaya doğru gedəndə - 2000-ci ildə Vladimir Putin prezident oldu. 2008-ci ildə neftin qiyməti 91 dollar olanda Rusiya Gürcüstana hərbi təcavüz etdi.
Amma 2009-cu ildə onun qiyməti 53 dollara düşəndə Rusiya prezidenti Dmitri Medvedevin səsi o qədər də gümrah gəlmirdi. Həmin il Medvedev çox sərt vətənə xəyanət qanununu rədd etdi, demokratiya carçılarını Kremlə söhbətə çağırdı, Belorus diktatorunu özündən uzaq tutmağa çalışdı.

2010-cu illər

2011-ci il neftin yüksək qiymətləri ilə başlayıb. Mən bu sətirləri yazanda onun bareli 92 dolları keçmişdi. Elə bundan bir neçə gün əvvəl əksər beynəlxalq təşkilatların tənqidləri altında olsa da Rusiya məhkəməsi Mixail Xodorkoskinin cəza müddətini 2017-ci ilə qədər uzatdı.