Azərbaycana postmodernizmi mən gətirdim, mən də aparıram”

Həmid Herisçinin şeir, nəsr, publisistika nümunələrindən ibarət yeni kitabı – “Konspiroloq” işıq üzü görüb. Bu barədə Kultaz.Com-a məlumat verən yazıçının sözlərinə görə, onun yeni kitabında 40 sirrin üstü açılıb: “

Bu kitabda tarixin dərin qatlarında yatan sirlər bir-bir açılır, siyasi, ədəbi mətnlər, layihələr deşifrə olunur, X faylların yeni açarı təqdim olunur.”

Müəllifin qənaətinə görə, həqiqi mətn üzdə deyil, dərindədir, gizlindədir. Onu ilk baxışdan görmək, oxumaq asan deyil.

Pərdəarxası olaylardan bəhs etməklə anderqraund ənənələrinə sadiq qalan müəllif Əl Ərəbi, Rixard Zorge, Benksi, Davud Münşizadə kimi fərqli və məxfi fiqurların yeni portretini cızır, ədəbi mətnlərin, “Tehran 43″, “İki qadın”, “Sehrli xalat”, “Pijamalı təyyarəçilər”, “Bir cənub şəhərində” kimi filmlərin alt qatında yatan mesajları oxucuya təqdim edir.

1-ci, 2 -ci dünya müharibələrinin əsil səbəblərinin orijinal versiyası və bu kimi bir çox sirli mövzuları oxucuları ilə bölüşən müəllif, özünün yeni şerlərini də kitaba salıb.

Həmid bəy Kultaz.Com-a açıqlamasında daha bir maraqlı məqama toxunub. “Bu kitabda mən bəyan etmişəm ki, postmodernizm başa çatdı. Azərbaycana postmodernizmi mən gətirdim, mən də aparıram”.