Ziyalılar Azərbaycanın 2020-ci ilə qədərki əsas problemlərin siyahısını hazırlayıb

“Azərbaycan 2020 İctimai Forumu” dekabrın 30-da Milli Birlik və İnkişaf Xartiyasını müzakirə edib. Sənəd Azərbaycan ziyalılarının 21-ci əsrin ikinci onilliyində ölkənin inkişafına baxışından ibarətdir.

“Turan” informasiya agentliyinin məlumatına görə cümə axşamı “İbrus” teatrında müzakirə edilən xartiyada hazırda ziyalıları narahat edən məsələlər kimi ölkədə korrupsiyanın artması, məhkəmə sisteminin qanunların aliliyini və vətəndaşalrın təməl haqlarını təmin edə bilməməsini göstəriblər.

Xartiya müəllifləri hesab edir ki, dövlət orqanlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin birgə səyləri ilə ölkənin modernləşmə strategiyasını, vacib həyat sahələri - səhiyyə, elm və mədəniyyət üzrə islahat proqramını, kiçik və orta biznesin inkişafını, neft gəlirlərinin idarə edilməsini, məhkəmə və hüquq mühafizə sistemini, Seçki Məcəlləsini işləyib geniş ictimai müzakirəyə çıxarmaq lazımdır.

Professor Cəmil Həsənli qeyd edib ki, dövlətlə vətəndaş cəmiyyəti arasında dialoqun başlanması bütün insanların istədiyi dəyişikliklər zərurətindən doğur. Onun fikrincə, ölkənin gələcəyi barədə geniş ictimai müzakirələrin başlanması üzrə səylərin uğuru bundan asılıdır.

Diskussiya gedişində sənədin yekun mətni 2011-ci il yanvarın sonunda qəbul edilmək üçün təklif olundu. Forum həmçinin Xartiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün fəaliyyət planı hazırlayır.

İctimai forum 2009-cu ilin oktyabrında yaradılıb. Əsas məqsədinin ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunun artırılması olduğunu bildirir.

Birliyə Azərbaycanın tanınmış ictimai xadimləri - yazıçı Rüstəm İbrahimbəyov, xalq şairləri Vaqif Səmədoğlu və Ramiz Rövşən, iqtisadçı Vahid Əhmədov, yazıçılar Elmira Axundova və Gülrux Əlibəyli, alimlər və təhsil sistemi xadimləri - Rafiq Əliyev, Hamlet İsaxanlı, Cəmil Həsənli, Eldar İsmayılov, İradə Bağırova, Rəhman Bədəlov, KİV rəhbərləri Mehman Əliyev və Rauf Talışınski, həmçinin ictimai təşkilat və fond rəhbərləri eldar Namazov, Arzu Abdullayeva, Fərda Əsədov, Rəşid Hüseynli, politoloqlar Rasim Musabəyov, Zərdüşt Əlizadə, Rasim Ağayev, Leyla Əliyeva, İlqar Məmmədov, Erkin Qədirli və digərləri daxildir.