Moldova hökuməti istefa verdi

Moldovada dekabrın 28-də keçiriləcək yeni parlamentin ilk iclası ərəfəsində hökumət istefa verdiyi elan edib. Bu yeni parlamentin ilk sessiyası ilə bağlı qanunun formal tələbidir. Sessiyada yeni spiker seçilənə qədər indiki nazirlər vəzifələrini icra edəcəklər.

Noyabrın 28-də keçirilmiş parlament seçkisində Qərb yönümlü Vlad Filatın koalisiyası səsələrin çoxunu qazansa da, onların aldıqları 59 mandat prezidenti müəyyən etmək üçün lazım olandan iki səs azdır. Amma əsas müxalifət partiyası olan Kommunist Partiyası da parlamentdə prezidenti seçə biləcək qədər mandat qazana bilməyib.

Dekabrın 28-də Moldova parlamentində spikerin seçilməsi planlaşdırılır. Spiker yeni prezidentin seçilməsinə qədər dövlət başçısının səlahiyyətlərini icra etməlidir.

Bu iclasa isə parlamentə seçilmiş ən yaşlı deputat kimi keçmiş prezident, kommunistlərin lideri Vladimir Voronin sədrlik edəcək.