AZAL Rusiya təyyarələrindən imtina edib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti dekabrın 24-dən Rusiyanın istehsalı olan təyyarələrin istismarından imtina edir.

Sabahdan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bütün uçuşlar müasir tipli «Aerobus-319», «Aerobus-320» və «Boinq-757» tipli təyyarələrlə həyata keçiriləcək.
İndiyədək bu marşrutda Rusiyanın istehsalı olan «Tu-134» və «Tu-154» tipli təyyarələrdən istifadə olunurdu.

Bu barədə Apa agentliyi AZAL-a istinadən xəbər verir.

“Boinq” və “Aerobus”lar daha çox adam tutduğundan Naxçıvana uçan sərnişinlərin sayı da artacaq.

Yeni təyyarələrdən istifadə olunması uçuş qrafiki və biletlərin qiymətinə təsir etməyib.