ATƏT-in Bakı ofisinin rəhbəri parlamentdə təmsil olunan partiyalarla görüşüb

Dekabrın 20-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel Milli Məclisdə təmsil olunan bəzi partiyaların təmsilçiləri ilə görüşüb. Məlumat “Media forum” saytına ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən verilib.

Məlumata görə, ATƏT-in təşəbbüsü ilə keçirilən görüşdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak ediblər.

Görüş ATƏT-in Bakı ofisində baş tutub. Müzakirələr zamanı bu il noyabrın 7-də keçirilən parlament seçkisi, seçkidən sonrakı vəziyyət və tərəflər arasında gələcək əməkdaşlığın yollarına dair fikir mübadiləsi aparıb.

Rəsmi nəticələrə görə sonuncu parlament seçkisində 125 nəfərlik parlamentdə hakim YAP 71 mandat əldə edib. Müxalifətin AXCP-Musavat blokundan bir namizəd də mandat ala bilməyib. Həmin blok və bir neçə müstəqil namizəd seçkinin saxtalaşdırldığını deyərək onun rəsmi elan edilən nəticələrini tanımadıqlarını bəyan ediblər.