AŞ Nazirlər Komitəsi Eynulla Fətullayevin işini müzakirə edəcək

Bu gün Avropa Şurasının Nazirlər Komitəsi həbsdə olan jurnalist Eynulla Fətullayevin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasını müzakirə edəcək. Bu haqda jurnalistin vəkili Elçin Sadıqov bildirib.

Vəkil deyib ki, Nazirlər Komitəsi Eynulla Fətullayevin barəsində qərarın icrası və narkotik ittihamı ilə bağlı məsələyə münasibət bildirəcək.

Noyabrın 11-də Ali Məhkəmənin Plenumu Avropa İnsan Haqları Məhkəməsinin 2007-ci ildə iki iş üzrə - böhtan və terrorla hədələmə və milli ayrı-seçkilik salma ittihamları üzrə Eynulla Fətullayev barəsində hökm çıxarılması zamanı onun hüquqlarının pozulması haqqında qərarını təsdiq edib.

Ali Məhkəməsi ikinci işdə vergi ödənişindən yayınma hissəsi istisna olmaqla, bu cinayət işlərinə xitam verilməsi haqqında qərar qəbul edib. Bundan başqa, plenum bu ittiham üzrə onun cəzasını 1 ay da artıraraq, 2 il üç ay edib. Lakin bu cəza Fətullayevin artıq çəkdiyi həbs cəzasından çıxılıb.

Eynulla Fətullayev 2009-cu ildə ona qarşı qanunsuz narkotik saxlamaq ittihamı ilə açılmış yeni cinayət işi ilə bağlı həbsdədir.

2010-cu il iyulun 6-da Qarabağ rayon məhkəməsi jurnalisti narkotik saxlamaq ittihamı ilə iki il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edib.