Seçkinin yekun protokolları Konstitusiya Məhkəməsinə göndərildi

MSK-nın binası

Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 22-də keçirilən iclasında 7 noyabr parlament seçkisinin ümumi yekunlarına dair protokol təsdiqlənib. Sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edilib.

Müsavat Partiyasının MSK-dakı təmsilçisi Gülağa Aslanlı qərarın əleyhinə səs verib. Ümid Partiyasının qurumdakı təmsilçisi Akif Qurbanlı isə bitərəf qalıb.

MSK sədri Məzahir Pənahov seçkinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini deyib:

“7 noyabr parlament seçkiləri tarixi seçkilər oldu. Bu seçkilərdə müqayisə olunmayacaq dərəcədə irəliləyiş əldə olunub. Seçki çox yüksək səviyyədə təşkil olunmuşdu, çox normal da keçdi”.

Səslənən iradlara münasibət bildirən M.Pənahov “İdeal seçki anlayışı absurddur” cavabını verib.

7 noyabr parlament seçkisinin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları bölüşüb.