ABŞ səfirliyi bloqqerlərin azadlığa buraxılmasını müsbət qarşılayır

ABŞ-ın Azərbaycandakı səfirliyi həbsdə olan bloqqerlərin azadlığa buraxılmasını müsbət qarşılayır. Səfirliyin noyabrın 19-da yaydığı bəyanatda belə deyilir:

“Biz, gənc azərbaycanlı liderlər və bloqqerlər Adnan Hacızadə və Emin Millinin vaxtından əvvəl azadlığa buraxılmasını müsbət qarşılayırıq”.

Səfrilik bildirir ki, Birləşmiş Ştatlar Hacızadə və Millinin məhkəmə işlərinə güclü maraq göstərib:

“Bunu prezident Obama və Dövlət katibi Hillari Klintonun onların buraxılması ilə bağlı açıq müraciətləri də sübut edir”.

Bəyanatda ümid edilir ki, jurnalist Eynulla Fətullayev də tezliklə azadlığa çıxacaq:

“Müstəqil ədliyyə, siyasi təsirə məruz qalmayan və fəal vətəndaş cəmiyyəti müasir demokratik dövlətin təməl daşıdır. Birləşmiş Ştatlar demokratik islahatların, o cümlədən ifadə azadlığı və sərbəst toplaşmanın təmin olunması istiqamətində Azərbaycan hökuməti və xalqı ilə işləmək öhdəliyinə sadiq qalır”.

Bloqqerlər Adnan Hacızadə noyabrın 18-də, Emin Milli isə noybarın 19-da azadlığa buraxılıb.

MÖVZUNU BURADA ŞƏRH EDİN