Çaplinin nəvəsinin tamaşaları davam edir

Dünya şöhrətli komediya ustası Çarli Çaplinin nəvəsi Aureliya Tyere Çaplinin Bakıda, Səməd Vurğun adına Rus Dram Teatrı səhnəsində tamaşaları davam edir.

O, ilk tamaşasını “Aureliyanın oratoriyası” tamaşasını noyabrın 12-də nümayiş etdirib.

Çarli Çaplinin qızı Viktoriya Tyere-Çaplin bu tamaşanı məxsusi olaraq qızı Aureliya Tyere üçün hazırlayıb. Tamaşanın konsepsiya müəllifi, quruluşçu rejissoru və səhnə tərtibatçısı da Viktoriya Çaplindir.

Bir saatdan çox davam edən tamaşada dialoqlara, mətnlərə rast gəlmək mümkün deyil. Səhnədə sirk tryukları, illüziya, rəqs, pantomim, musiqi və kukla teatr elementləri sintezi təşkil edir.

“Aureliyanın oratoriyası” tamaşası sonuncu dəfə noyabrın 14-də də təkrar nümayiş olunacaq.

Parisin “Kiçik saatlar kompaniyası”nın “Aureliyanın oratoriyası” Bakıda keçirilən Çexov beynəlxalq teatr festivalının “İpək yolu” mərhələsi çərçivəsində nümayiş olunan ilk tamaşadır.

Festifalın proqramına daxil olan digər iki tamaşa Belorusun “Toy”, Kanadanın “Yağış” tamaşalarıdır.

Festifal noyabrın 30-dək davam edəcək.