Vaşinqton bloqqerləri azad etməyə çağırır

Filip Qordon

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filip Qordon AzadlıqRadiosuna müsahibəsində deyib ki, ABŞ həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadənin məsələsini izləməkdə davam edir və onları azadlığa buraxmağa çağırır.

Filip Qordon bloqqerlərin məsələsinin prezident Barak Obama və Dövlət katibi Hillari Klinton tərəfindən qeyd edildiyini xatırladaraq bu məsələni unutmadıqlarını, səfirlik və hökumətin bütün səviyyələrində diqqətdə saxlandığını deyib:

AZƏRBAYCAN BU MƏSƏLƏNİ HƏLL ETMƏLİDİR

“Biz bu məsələlərə diqqət verməyə çağırırıq və izah edirik ki, onlar bu məsələ ilə məşğul olmalı və bloqqerlər azad edilməlidir – bu, bizim baxışımızdır. Prezident və dövlət katibi Bakıda bu məsələni həmsöhbətləri ilə yüksək səviyyədə qaldırıb. Mən hesab edirəm ki, ABŞ prezidenti geniş diapazonlu strateji məsələlərə dair görüşdə bu məsələnin vacibliyini vurğulamağa vaxt taparaq, bu kimi insan haqları məsələsinə şəxsən diqqət göstərməklə mühüm mesaj göndərmiş olur. O, bu məsələni Nyu-Yorkda Azərbaycan prezidenti ilə də müzakirə edib. Biz hesab edirik ki, Azərbaycan bilir ki, dünya bu məsələyə diqqət verir və onlar bu məsələni həll etməlidir”.

Rəşid Hacılı
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı deyir ki, bu qədər müraciətlərdən sonra bloqqerlərin hələ də həbsdə saxlanması Azərbaycanın nüfuzuna xələldir:

MƏNASIZ VƏ ARQUMENTƏ SÖYKƏNMƏYƏN MÜQAVİMƏT

“Bütün bu müraciətlərdən, beynəlxalq müzakirələrdən sonra güman etmək olardı ki, hökumət daha düzgün addım atacaq, həm bloqqerləri, həm də Eynulla Fətullayevi azadlığa buraxacaq. Ancaq biz hökumətdən tamamilə mənasız və heç bir xüsusi arqumentə söykənməyən müqavimət görürük. O baxımdan əgər indiyə qədər bu müraciətlərə hökumət reaksiya verməyibsə, bundan sonra da reaksiya verəcəyini demək çətindir. Ancaq bu bütün hallarda hökumətin insan haqları ilə bağlı üzərinə götürdüyü öhdəliklərə ziddir”.

Bloqqer Məmməd Süleymanov isə deyir ki, Adnan Hacızadə ilə Emin Millinin azadlığa buraxılması ancaq İlham Əliyevdən asılıdır:

“GÖRÜNÜR YAXŞI DANIŞMAYIB”

Məmməd Süleymanov
“Onların hər ikisinin azad olunması sırf konkret iradənin nəticəsində ola bilər. Onların azad olunması İlham Əliyevdən, onun kaprizlərindən asılıdır. İstəsə azad edər, istəməsə etməz. Çünki ona qarşı çıxacaq və onu buna vadar edəcək qüvvə yoxdur. Deyirlər Obama onunla bu haqda danışıb. Görünür yaxşı danışmayıb”.

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov isə bir müddət əvvəl bloqqerlərin həbsinə münasibət bildirərkən demişdi:

“CİNAYƏT MƏCƏLLƏSİNDƏ BELƏ BİR MADDƏ YOXDUR Kİ...”

“Azərbaycanda hər il xuliqanlıq maddəsi ilə yüzlərlə insan azadlıqdan məhrum edilir. Nəyə görə onların heç birinə reaksiya verilmir, ancaq bloqqerlərlə bağlı qərara münasibət bildirilir. Onlar deyə bilərlər ki, bloqqerlər daha çox intellektlidir, onlar Qərbə daha yaxındırlar. Ancaq Azərbaycan Cinayət Məcəlləsində belə bir bölgü yoxdur ki, kim intellektlidirsə, Qərbə daha yaxındırsa, ona az iş verilsin”.

Əli Həsənov onu da deyib ki, əgər bu şəxslər haqlarındakı məhkəmə hökmündən narazıdırlarsa, Avropa İnsan Haqları Məhkəməsinə şikayət hüququndan istifadə edə bilərlər.

Adnan Hacızadə və Emin Milli ötən il iyulun 8-də Bakıdakı «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib.

Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları bloqqerlərin internetdə tənqidi video yaydıqlarına görə həbs edildiyini bildirirlər.