Siyasi məhbuslar üzrə məruzəçi Bakıya gəlir

2009-cu il martın 24-də Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçisi təyin olunan Kristofer Ştrasser ilk dəfə olaraq Azərbaycana gəlir.

O, AŞPA-nın Azərbaycandakı parlament seçkilərini müşahidə missiyasında təmsil olunacaq.

Bu barədə Azadlıq Radiosunun müxbirinin cənab Ştrasserin elektron ünvanına göndərdiyi məktuba cavab olaraq bildirilib.

Kristofer Ştrasserin məruzəçi təyin ediləndən sonra uzun müddət Azərbaycana gəlməməsi yerli müxalifət qüvvələrinin və bir sıra hüquq müdafiəçilərinin narazılığına səbəb olub.

Bundan qabaq Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya demişdi ki, assambleyanın uzunmüddətli missiyası oktyabrın 19-da, birbaşa seçkiləri izləyəcək qısamüddətli müşahidəçilər isə seçki günü ərəfəsində - noyabrın 5-6-da Azərbaycana gələcəklər.