37-ci ildə güllələnmiş dilçilərin "günahı" nə idi?

“Kommunist” qəzetinin 17 iyun 1937 –ci il sayında Azərbaycan dili barədə məqalə yer alır. Məqalədə adı çəkilən Bəkir Çobanzadə, İsmayıl Hikmət, Xuluflu kimi alimlər Azərbaycan dilinə ziyan vurmaqda ittiham edilirlər.


SAF, REVOLUSİON AZƏRBAYCAN DİLİ HAQQINDA

Azərbaycanda revolusiyadan əvvəl ağalıq edən mülkədarlar və burjuaziya, Azərbaycan xalqına yabançı olan ərəb əlifbasını götürdükləri kimi, terminologiya və orfoqrafiyanı da ərəb, fars və osmanlı dillərindən götürməklə, ədəbi, elmi dili geniş xalq kütlələrindən mümkün qədər uzaqlaşdırmağa çalışmışlar.

Onlar, bu vasitə ilə əməkçi xalqı maarifdən və kulturdan uzaqda, həmişə avamlıqda saxlamışlar.

Pantürkizm, panislamizm agentləri olan Əhmədbəy Ağayevlər, Əlibəy Hüseynzadələr, müsavatçı Məmməd Əmin Rəsulzadələr, onların quyruqları olan və indi tamamilə faşizm agentlərinə çevrilmiş əclaf nasional –uklonistlər, xalqın fikrini zəhərləməyə, öz dar, millətçilik, dinçilik ideyalarını xalq arasında yaymağa və əsaslandırmağa çalışmışlar.

Sovet hökuməti tərəfindən Azərbaycan əlifbasının həyata keçirilməsi ilə, əlifba cəbhəsində öz pozisiyalarını itirmiş olan bu xain millətçilər, zahirdə yeni əlifba ilə razılaşıb mübarizəni dil ilə sıx əlaqədar olan terminologiya və orfoqrafiya cəbhəsinə keçirir və bu cəbhədə gizli ziyançılıq etməyə başlayırlar.

Onlar əvvəlcə, ədəbi və elmi dili tamamilə xarablamaq məqsədi ilə, guya terminləri 100 faiz “türkcələşdirmək” pərdəsi altında, “geoqrafiya, qlobus, dövlət” əvəzinə “yerbil, yertopu, toplantay” kimi uydurma sözlər və terminlərlə Azərbaycan dilini qəti pozmağa çalışırlar.

Bu sözlərin Azərbaycanca olduğuna baxmayaraq, qətiyyən anlaşılmadığı aydındır. Ağamalı oğlu və Əli Heydər Qarayevin rəhbərliyi ilə ziyançılıq edən və onların millətçi fikrini yeridən bu “söz ustalarının” təşəbbüsü baş tutmur.

“Toplantayları” xalq qəbul etmədi. Masqa altında işləyən Çobanzadə, İsmayıl Hikmət, Xuluflu və başqa xalq düşmənləri, dil sahəsində səmimiyyət və düzlüklə çalışan bir çox yoldaşların doğru fikirlərini və prinsiplərini rədd edərək, internasional terminlərin qəbuluna yol verməyərək, “maştab, ekvator, kart” və i.a. bu kimi internasional terminlər əvəzinə “miqyas, xətti-istiva, xəritə” kimi terminləri saxlamağa çalışırdılar.

O biri tərəfdən, bu ziyançılar Azərbaycan dilinin sovetləşməsinə də yol vermirdilər.

Bu gün yer üzündə yaşayan bütün xalqların, hətta ərəblərin özlərinin də qəbul etdiyi “sovet” sözünü onlar dilimizə yaxın qoymayıb, “şura” sözünü işlədirdilər; “inqilab, firqə, movqəf, Paris” sözlərini “revolusiya, partiya, stansiya və Pariz” sözləri ilə əvəz etmək istəməyirdilər.

Kontrrevolusion simaları indi tamamilə aydın edilmiş R.Axundov, Çobanzadə, Tağızadə, Xuluflu, Mikayıl Hüseynov və başqa millətçi, xalq düşmənlərinin dil sahəsindəki ziyançılıqları nəticəsində Bakı və rayon qəzetlərinin, Azərnəşrdə çap edilən kitabların hər biri ayarı-ayrı termin və orfoqrafiya ilə çıxıb, oxucuları, xüsusən məktəbliləri olduqca çətin vəziyyətdə qoymuşdu.

Bəkir Çobanzadə
İndiyədək orta və ali məktəblərdə oxuyanların ana dilindən yaxşı savadlı ola bilməməsinə əsas səbəblərdən biri də, haman xainliyin və ziyançılığın acı nəticəsidir.

R.Axundov və onun kontrrevolusion dəstəsi marksizm klassiklərinin əsərlərini tərcümə etdikdə də böyük ziyançılıq etmişlər; onlar, əməkçi xalqın bolşevizmə yiyələnməsini istəməyərək, bu əsərləri xalqın anlamadığı dildə - yığın-yığın ərəb, fars və osmanlı sözləri işlətməklə tərcümə etmişlər.”


P.S. Məşhur alim Bəkir Çobanzadə 1938-ci ildə güllələnib. Onun dəfn edildiyi yer bəlli deyil.

Vəli Xuluflu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dəryaçasının altında qalıb) anadan olub.

1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsində çalışıb, institutun yenidən təşkili zamanı isə Dil-Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilib.

1937-ci il oktyabrın 13-də güllələnməyə məhkum edilib.

Həyat yoldaşı Fatma Əli qızı “vətən xaininin ailə üzvü” kimi 8 il həbs cəzası alıb.

Abdulla Tağızadə 1897-ci ildə Gəncə şəhərində anadan olub. SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi, APİ-nin dilçilik kafedrasının müdiri olub.

Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri sayılıb.

1938-ci il yanvarın 12-də "xalq düşməni" kimi güllələnib. İstintaq işindəki sənədlərdən birindən bəlli olur ki, onun şəxsi kitabxanası da yandırılıb.