ABŞ və Britaniya hava limanlarında təcili təhlükəsizlik tədbirləri görülüb

Britaniyada hava limanlarından birində şübhəli yük haqqında məlumatdan sonra ABŞ və Britaniya hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib. Buna görə İngiltərənin East Midlands hava limanı bağlanıb.

ABŞ-ın Filadelfiya və New Jersey ştatlarında da hava limanlarında araşdırmalara başlanıb.

İlkin məlumatlara görə üstü rənglənmiş iki yük Yəməndən Çikaqoya göndərilirmiş. Həmin yüklərdən biri tranzit kimi keçdiyi Britaniyada, digəri isə Dubayda saxlanıb. Amma polis axtarışlardan sonra heç bir partlayıcı maddə tapılmadığını bildirib. Hüquq-mühafizə orqanları bunun yük kimi partlayıcı maddələr göndərmək testi ola biləcəyini deyirlər.