Əli Həsənov: «Danışıqları yüksək qiymətləndiririk»

Əli Həsənov

«ATƏT-in Minsk Qrupu həmsədrlərinin formatındakı danışıqlarla bərabər birbaşa danışıqları, o cümlədən Rusiya prezidentinin iştirakı ilə keçirilən danışıqları yüksək dəyərləndiririk».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib:

«Düşünürük ki, Dağlıq Qarabağ münaqişəsinin həllində istənilən vasitədən, istənilən formadan və formatdan istifadə edilməlidir. Məsələnin həllini yaxınlaşdıran istənilən təkliflər müzakirə edilməlidir. Dünən Həştərxanda keçirilən görüşün müsbət nəticəsi olaraq iki ölkə başçıları müştərək bəyannamə imzalayıb və bu bəyanat hərbi əsirlərin və müharibə nəticəsində həlak olmuş meyitlərinin qaytarılmasına bir aydınlıq gətirib. Uzun müddətdir ki, bu məsələ Azərbaycan xalqını narahat edirdi, xüsusən də Milli Qəhrəman Mübariz İbrahimovun meyitinin qaytarılması ilə bağlı Azərbaycan dövləti neçə vaxtdır ki beynəlxalq təşkilatlarla bərabər fəal iş aparır. Düşünürük ki, dünən imzalanan bəyannamədən sonra bu məsələ öz həllini tapacaq».