İlham Əliyev Viktor Yanukoviçlə görüşüb

PREZİDENTLƏR GÖRÜŞÜB

Oktyabrın 28-də Kiyevdə, Ukrayna Prezidenti Administrasiyasının binası qarşısında Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra prezidentlər İlham Əliyev və Viktor Yanukoviç təkbətək görüşüblər.

“Media forum” saytının məlumatına görə, İlham Əliyev və Viktor Yanukoviç səhər saatlarında “Naməlum əsgərin məzarı”nı və “Qolodomor” qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

UKRAYNAYA SƏFƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya rəsmi səfərə gedib. Kiyevin Borispol hava limanında Azərbaycan Prezidentini Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

ANSPRESS Ukrayna prezidentinin internet saytına istinadən xəbər verir ki, Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə ölkələr arasında yüksək səviyyəli dialoqun gələcəkdə fəallaşdırılması, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, əməkdaşlığın gələcək inkişafı ilə bağlı konkret razılaşmaların əldə edilməsi planlaşdırılır.

Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Andrey Qonçaruk bildirib ki, görüşdə prioritet istiqamətlər üzrə ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə də nəzərdə tutulur. Xüsusilə, energetika, Kosmosdan dinc istifadə, maşınqayırma, hərbi-texniki əməkdaşlıqla bağlı birgə layihələrin reallaşdırılması müzakirə obyekti olacaq.

Azərbaycanın dövlət başçısının Ukraynaya səfərinin vacib elementi Ukrayna və Azərbaycan prezidentləri Şurasının ikinci iclasının keçirilməsi olacaq. Andrey Qonçarukun fikrincə, bu tədbir yüksək səviyyədə siyasi dialoqun gələcək inkişafına yardım edəcək.