Namizəd etiraz edib geri çəkildi

59 saylı Salyan DSK-dan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi Rafiq Manaflı namizədliyini geri götürüb. O, belə bir addımı təbliğat kampaniyasında anti-demokratik vəziyyətə etiraz olaraq atdığını bəyan edib:

«Artıq yerli icra strukturları, bələdiyyə və hüquq-mühafizə orqanları «yuxarıdan» gələn tapşırıq əsasında hakimiyyətin müəyyənləşdirdiyi şəxslərin seçki təbliğatına qoşulublar. Yerlərdə iqtidarın müəyyənləşdirdiyi namizədin görüşlərinin keçirilməsində icra strukturları ilə bərabər bələdiyyə və polis işçilərinin də aktiv iştirakı görünür», - deyə Rafiq Manaflı bildirir.

Qeydiyyat mərhələsindən təbliğat mərhələsinə qədər xeyli qanunsuzluqların olduğunu iddia edən namizəd bildirir ki, o, belə bir vəziyyətdə normal təbliğat aparmağın mümkün olmadığını görüb namizədliyini geri götürmək qərarına gəlib.