Menyuda bağırsaq çöpü, bakteriya ... Yaxşı ki, radiasiya yoxdur

2010-cu ilin ilk doqquz ayında Azərbaycanda 1038 sahibkar sanitar qaydaları pozduğuna görə cərimələnib.
Cərimələnən sahibkarların obyektlərində ərzaq məhsullarının istehsalı, satışı, saxlanması, daşınması ilə bağlı çatışmazlıqlar qeydə alınıb.
Xəbəri Respublika Gigiyena ve Epidemiologiya Mərkəzi (RGEM) yayıb.

132 sahibkarın işi inzibati orqanlara göndərilib.
Qida məhsulları hazırlayan 632 obyektin işi sanitar şəraiti standartlara cavab vermədiyinə görə dayandırılıb.
Qida sektorunda çalışan 402 işçi isə zamanında tibbi yoxlamadan keçmədikləri üçün işdən çıxarılıb.

RGEM son 9 ayda 9887 adda ərzaq məhsulunun kimyəvi tərkibini yoxlayıb. Bu ərzaqlardan 126-da normadan kənar hallar aşkarlanıb. Həmin məhsullar 6858-i bakterioloji yoxlamadan keçirilərkən 140-da, 1989-u toksikoloji testdən keçirilərkən 14-də normaların pozulduğu bəlli olub.
254 məhsulun radioloji yoxlamasında isə heç bir problem üzə çıxmayıb.

Ərzaq satışı və ximət obyektlərindəki soyuq qəlyanaltılar da yoxlama obyekti olub.
9 ayda yoxlanılan 1000 nümunədən 18 faizində bakterioloji çirklənmə, 869-da bağırsaq çöpləri aşkarlanıb.

Restoran və şadlıq evlərindəki yoxlamalarda işçilərin şəxsi gigiyenaya riayət etmədikləri, ərzaqların saxlanma qaydalarını pozmaları, qabları düzgün yumadıqları ortaya çıxıb.

İndi RGEM-nin əməkdaşları Bakının orta məktəblərinin bufetlərində sanitar yoxlamalar aparır.