PƏRVİZ "Fahişəlik, yoxsa İlahi vergi.."

Yazıçı necə olmalıdır?

Mövzuya girməmişdən, dərhal onu deyim ki, bu sual naqisdi. Sadə yanaşmayla baxılsa, yazıçının işi sadəcə yazıçılıqdı və ondan tələb olunan da məhz yazmaq, həm də yaxşı yazmaqdı.

Yazıçı sifarişlə çalışan sənət sahibi olmadığına görə, nə yazacağı, necə, yəni hansı formada yazacağı da onun müstəsna hüququdu. Sosial sifariş yazıçı üçün etalon sayıla bilməz.

Yazıçı qapı-pəncərə ustası deyil. Onun yaradıcılığı sırf ruhi materiyaya hesablandığından, yaratdığı da ruh kimi özgürdü.

Bəs yazıçı öz sənətindən əlavə həm də bir insan, bir vətəndaş (ən azı dünya vətəndaşı), sonucda bir toplumun üzvü isə? Onun da başqaları kimi öhdəlikləri yoxdurmu və ya yazıçının kahin tək tərki-dünya həyat keçirmək kimi əlahiddə hüququ varmı?

Yazıçı deyərkən, biz təbii ki, əlinə hər qələm alan qrafomandan, klaviatura döyəcləyən hər kəsdən danışmırıq. Söhbət talantdan gedir.

Talant sözü ölçü vahidi olan “talant”dan gəlir. Incildə ağanın “talant” adlı sikkə (pul) bağışladığı üç qul haqda pritça var. Qullardan biri öz talantını torpağa basdırır, biri xırdalayıb “əridir”, o biri isə dövr elətdirib üstünə gətirir.

Bibliyada “talant” sözü məcazi mənada işlənir və daim çəkinmədən nəsə yeni bir şey yaratmaq yetənəyi olan Ilahi vergi kimi başa düşülür.

Tarixən talant sahibləri də bu üç seçim arasında qalıblar - kimi öz talantını torpağa basdırıb, yəni göstərmədən çürüdüb, kimi xırdalayaraq yelə sovurub, kimi də onu Ilahi vergi sayaraq dövr elətdirib, tükətməyib, artırıb.

Əlbəttə, son iki halın hər birində öz istedadından (sonuncu məcazi anlamda olsa da) pul kimi yararlanmaq var. Qədim yunan filosofu Sokrat isə bu vergini kişinin gözəlliyi adlandırırdı və onu pula dəyişənləri fahişə sayırdı.

Zaman dəyişib. Indi sənətlə biznes qaynayıb-qarışıb və talant öz məcazi mənasından çıxaraq ilkin anlamına qayıdıb.

Bəs bu arada öz biznesini yapan yazıçı cəmiyyət qarşısında bir öhdəlik daşıyırmı? (Hərçənd ki, bu normal biznes Azərbaycana aid deyil, burada ciddi yazıçı öz yaradıcılığından gəlir götürə bilməz və belə olan halda o, öz talantını ya haçansa cücərər deyə, torpağa basdırır, ya da onunla qara biznesə girişməyə məcbur olur, yəni talantını xırdalayır, onu pula dəyişir, alverçiyə çevrilir).

Beləliklə, talant insanın üzərinə toplum və ya dövlət qarşısında sorumluluq, ya hər hansı vətəndaşlıq borcu qoyurmu?

Cəmiyyət istedadı üstün xüsusi keyfiyyət kimi yazıçıya özü vermədiyindən ondan ummaq üzrə də haqlı sayıla bilməz. Istedadın Ilahi bəxşiş, Ilahi vergi olması adamı onun yaratdıqları qarşısında borclu duruma sala bilərsə də, yaxşı, bəs istedad Allaha inanmırsa?

Mən hələ dinlərə deyil, ayrıca olaraq Allaha, Yaradana, Mütləqə, Universala, fövqəlbəşərə deyirəm. Və ya heç bir ilah tanımırsa? Ateistsə?

Bu suallara birmənalı cavab tapmaq mümkün deyil. Yazıçı da fərddi və onun istədiyi kimi azad yaşamaq hüququ var.

Illah da Azərbaycan tipli ölkələrdə - yazıçıyla iqtisadi münasibətə girməyən, onun kitablarını almayan bir topluma yazıçı nədən özünü borclu saymalıdı? - bu sualı da ən azı yazıçı verə bilər.

Lakin bu məntiqin özü də mükəmməl deyil. Bu məntiqdən qeyri-şüuri olaraq çıxış eləyən bir xeyli yazıçı (məsələn, AYB-nin çoxluq hissəsi, ya da birmənalı olaraq elitası) onunla alverə girəni - hakimiyyəti seçir və onun qarşısında öhdəlik götürür.

Problem dalana dirənir. Sanki çıxış yolu görünmür. Lakin nisbi də olsa, bu yol, bu nümunə var.

Elə qarşısında hamının tərəddüdsüz baş əydiyi Nobel ödülçüləri! Lap ən sonuncuları götürək - Orxan Pamuk, Herta Müller və 2010-un laureatı Peru yazıçısı Mario Varqas Liosa. Azərbaycanda hər iki cəbhədə yer alan tərkidünya, siyasətə guya qarışmayan, ama alverə qurşanan yazarlardan fərqli olaraq, bu ödülçülər nəinki siyasətə qarışır, hətta bəzən ona təsir də eləyə bilirlər.

Dünya, artıq “Nobel”i diktaturaların talantına baş əyməyənlərə verir!

"Azadlıq" qəzeti