«Tikilməyir kasıbların evləri…»

«Yardım əsl zərərçəkənlərə yox, rayon rəhbərliyinə yaxın olan adamlara edilib»

İmişli rayon sakini Rahim Musanın evinin damında keçirdiyi növbəti aksiyanın da qarşısı alınıb. O, 2007-ci ildən bəri evinin damında korrupsiya əleyhinə şüarlar vurmaqla etiraz aksiyaları keçirir.

Rahim Musanın budəfəki etirazı daşqınlardan zərərçəkənlərə verilən maliyyə yardımlarının mənimsənilməsi əleyhinə olub.

YARDIM BAŞQA ÜNVANA GEDİB?


O iddia edir ki, daşqınlardan zərərçəkənlər siyahıya alınsa da, yardım əsl zərərçəkənlərə yox, rayon rəhbərliyinə yaxın olan adamlara edilib:

«Əhalini siyahıya alandan sonra pullar idarə müdirlərinin qohumlarına, yaxın dost-tanışlara verildi, amma evi başına uçan kasıblara ev tikilmədi. İki evi olana əlavə ev tikiblər. 90 yaşlı bir qadın var, evi zərər çəkməyib, sadəcə yarımçıq tikili olub, amma necəsə ona ev tikilib».

Rahim Musa deyir ki, o, müxtəlif ünvanlara müraciət etsə də, ona əhəmiyyət verən olmayıb. Bundan sonra o, iri hərflərlə «Tikilməyir kasıbların evləri, yaxşı şişir Ağayevlərin cibləri!» və «Verilən sərəncama xəyanət etməyin!» şüarlarını yazaraq ikimərtəbəli evinin damına vurub. (Əbülfəz Ağayev İmişli rayonun icra başçısıdır, Səfa Ağayev də icra hakimiyyəti başçısının
Rahim Musa 2007-ci ildə evinin damına korrupsiya əleyhinə şüarlar vuranda da, polis onları sökmüşdü
müavinidir).

Amma tez bir zamanda polis həmin şüarları qopardılaraq yerə atıb.

Rahim Musa 2007-ci ildə evinin damına korrupsiya əleyhinə şüarlar vuranda da, polis onları sökmüşdü. Həmin vaxt Rahim Musa özünə qəsd edəcəyini bildirmişdi. Bundan az sonra o, polisə müqavimət ittihamı ilə 5 il azadlıqdan məhrum edilmişdi. 2009-cu ilin dekabrında prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

«ƏSASI OLMAYAN, QEYRİ-OBYEKTİV AKSİYA»


Rahim Musanın keçirdiyi sonuncu aksiyaya İmişli rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilmədik.

Amma onun bundan əvvəl təkbaşına keçirdiyi aksiyalar zamanı İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev bunları «əsassız, qeyri-obyektiv» narazılıq kimi dəyərləndirmişdi.