AXCP-Müsavat bloku vahid namizədlərdən birini dəyişəcək

«AXCP-Müsavat bloku 71 saylı Masallı kənd seçki dairəsində yeni vahid namizəd müəyyənləşdirəcək».

Müsavat başqanının müavini Arif Hacılı sentyabrın 30-da «Media forum» saytına açıqlamasında belə deyib. O bildirib ki, bu zərurət namizədliyi razılaşdırılmış müsavatçı Gülağa Aslanlının seçki yarışından çıxması ilə bağlıdır: «Müsavat Divanı sentyabrın 29-da qərar qəbul edərək Gülağa Aslanlını Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərib».

Arif Hacılı əlavə edib ki, vahid namizədlərin razılaşdırılması prosesi ümumən yekunlaşsa da, mübahisəli dairələr üzrə konsensusa gəlinəcəyi istisna deyil: «Konkret olaraq 20 saylı Nərimanov dairəsində razılığa gəlinəcəyini gözləyirəm. Başqa dairələr üzrə razılaşmalar da mümkündür». /Mediaforum/