Hafiz Hacıyev Əli Kərimliyə rəqib oldu

Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 31 saylı Suraxanı ikinci seçki dairəsində AXCP sədri Əli Kərimlinin rəqibi olacaq.

H.Hacıyev AzadlıqRadiosuna hakim partiyanın namizədinin bu dairədən namizədliyini geri götürməsini müsbət qarşıladığını deyib:

“Hər halda bu dairədə YAP namizədi olsaydı, deyəcəkdilər ki, yəqin partiyanın tapşırığı ilə seçilib. Belə yaxşıdır - iki müxalifət partiyasının sədri mübarizə aparacaq”.

Hafiz Hacıyev bundan əvvəlki parlament və prezident seçkiləri ərəfəsindəki televiziya çıxışlarında AXCP sədrinin ünvanına təhqiramiz ifadələr işlədib.

Suraxanı ikinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Əhməd Vəliyev isə namizədliyini geri götürüb. O, namizədliyini 107 saylı Qazax seçki dairəsindən irəli sürüb.

Əhməd Vəliyevin oğlu Samir Vəliyev AzadlıqRadiosuna müsahibəsində məlumatı təsdiqləyib və hazırda atasının bununla bağlı Qazaxda olduğunu deyib.

Bundan başqa, YAP-ın digər namizədi Gülər Əhmədovanın da 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyini geri götürdüyü bildirilir.

15 saylı Yasamal birinci Dairə Seçki Komissiyasının sədri Sərdar Süleymanov AzadlıqRadiosuna hələ ki, Gülər Əhmədovanın öz sənədlərini geri götürmədiyini bildirib.

Bu dairədən də Müsavat Partiyasının başqanı İsa Qəmbər namizədliyini irəli sürüb.