Həmsədrlər növbəti bəyanat yayıblar

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasye və İqor Papov Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrıca görüş keçiriblər.

Görüşlər sentyabrın 23-də BMT-nin Nyu-Yorkda keçirilən 65-ci sessiyası çərçivəsində baş tutub.

ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kasprşik də görüşlərdə iştirak edib.

Həmsədrlər nazirlərə ATƏT-in faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa səfərinə hazırlıq barədə məlumat veriblər.

Missiya oktyabrın 4-dən 14-dək Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qanunsuz məskunlaşmalarla bağlı məlumatları araşdırmalıdır.

Həmsədrlər həmçinin nazirlərə ATƏT-in qarşıdan gələn Astana görüşünə hazırlıq da daxil olmaqla növbəti aylar üçün iş qrafikləri barədə məlumat veriblər.