Eynulla Fətullayevin apelyasiya şikayətinə sentyabrın 7-də baxılacaq

Eynulla Fətullayevin apelyasiya şikayəti sentyabrın 7-i saat 11.00-dək təxirə salınıb.

Sentyabrın 2-də proses başlayan kimi jurnalist vəsatət qaldıraraq Qaradağ rayon məhkəməsinin 16 məhkəməsinin yalnız 10-nun protokolları ilə tanış olduğunu, müəyyən qeydlər apara bildiyini deyib. Digər 6 iclasla bağlı protokolları oxumağa isə vaxtı çatmayıb.

E. Fətullayev hakimdən protokollarla tanış olmaq üçün vaxt istəyib.

Dövlət ittihamçısı məsələnin əleyhinə çıxıb, verilən vaxtın kifayət qədər olduğunu deyib.

Bu günkü prosesdə həm də məlum olub ki, Qaradağ rayon məhkəməsinin protokolları əvvəlcə deyildiyi kimi 30 səhifədən ibarət deyil. Vəkil bildirib ki, bu informasiya səhv gedib, əslində
protokollar 346 səhifədir və onları 3-4 gün ərzində oxuyub, qeydlər aparmaq mümkün deyil.

Müşavirədən sonra hakim Eynulla Fətullayevin protokollarla tanış olması üçün əlavə vaxt verilməsi ilə bağlı vəsatətini təmin edib.

2007-ci ildə terrorla hədələmə, milli ədavəti qızışdırma və vergidən yayınmaqda ittiham olunaraq 8 il yarım azadlıqdan məhrum edilən Eynulla Fətullayevə 2009-cu ilin dekabrında narkotik maddə saxlama ittihamı ilə daha bir cinayət işi açılıb.

Bu ittihamla jurnalist bu ilin iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu il aprelin 22-də Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azadlığa buraxılması və dəymiş ziyana görə jurnalistə 25 min avro kompensasiya ödənilməsi haqqında qərar qəbul edib.

Azərbaycan hakimiyyəti isə Avropa İnsan Haqları Məhkəməsinin qərarından Böyük Palataya şikayət edib.