Ərdoğan yaşadığı villanın kirayəsini bankdakı pulunun faiziylə ödəyir

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda yaşadığı villanın kirayəsini bankdakı pulunun faizi ilə ödədiyini bildirib.

TGRT kanalında müxalifətin ittihamlarını cavablandıran Ərdoğan deyib:

«İstanbul bələdiyyə başqanı olduğum vaxt bələdiyyənin möhtəşəm iqamətgahında yaşamadım. Ankarada da Baş nazirə ayrılmış iqamətgahda yaşamadım. Paytaxtda kirayədə yaşayırıq. İstanbulda yaşadığımız ev bir dostumundur. Mən 17 il bir firmanın təmsilçisi olmuşam. Baş nazir olan kimi şirkətimi satdım. Hökumət başçısı olandan sonra dostumun villasına köçdük. Şirkətin satışından əldə etdiyim pul bir özəl maliyyə qurumunda durur. Yaşadığım villanın kirayəsini ordan gələn faiz puluyla ödəyirik. Biz izah etməkdən, onlar iddia etməkdən bezmədi».

Müxalifətçi Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu deyir ki, Ərdoğanın İstanbulda hər birinin qiyməti 2.5 milyon TL olan 5 villası var. O, Baş nazirdən villaları hansı pulla tikdirdiyini açıqlamasını tələb edir.

«Hovuzlu villa» referendum öncəsi mitinqlərdə Kılıçdaroğlu tərəfindən dəfələrlə gündəliyə çıxarıb.

Ankaranın bələdiyyə başqanı Məlih Gökçək isə K. Kılıçdaroğlunun Çanaqqalada hovuzlu kooperativ villası tikdirdiyini üzə çıxarıb. Kılıçdaroğlu deyib ki, tikintisi davam edən villanın kreditini ödəyə bilmədiyindən onu satır, qiyməti isə 110 min ABŞ dollarıdır.

K. Kılıçdaroğlu seçkini udacaqları halda iqtidarın fəaliyyətinə nəzarət etmək üçün müxalifətə qeyri-məhdud səlahiyyət verəcəklərini deyib.