Azərbaycanda mollalar attestasiyadan keçiriləcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Azərbaycanda bütün mollalar attestasiyadan keçiriləcək. Bunu jurnalistlərlə söhbətində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Allahşükür Paşazadənin sözlərinə görə, müxtəlif vəzifələr üzrə imtahandan keçən dindarlara sonda vəsiqələr veriləcək və kimin hansı vəzifədə işlədiyi həmin vəsiqələrdə qeyd olunacaq.

İdarə rəisi mollaların attestasiyasına nə vaxtdan başlanacağı barədə bir söz deməyib.

Bir neçə il əvvəl millət vəkilləri mollaların attestasiyadan keçirilməsini tələbi ilə çıxış etmişdilər. O vaxt millət vəkilləri bildirirdilər ki, dövlət qulluğuna işə götürülmə kimi mollaların da attestasiyadan keçməsi vacibdir.

Amma həmin vaxt Qafqaz Müsəlmanları İdarəsi bu təklifi narazılıqla qarşılamışdı.