Yunanıstanda tətilə görə benzin qıtlığı yaranıb

Yunanıstanda benzin daşıyan maşınların sürücülərinin 6 gündür davam edən tətili ölkədəki yanacaqdoldurma məntəqələrində benzin qıtlığı yaradıb.

Turizm mövsümündə üzləşdiyi problemi aradan qaldırmaq üçün hökumət hərbi maşınları səfərbər edib.

Tətil keçən bazar günü başlayıb. Tətil edənlər hökumətin indiyəcən dövlətin nəzarətində olan yanacaq daşıma sahəsindəki qiymətləri sərbəstləşdirmək planına qarşı çıxırlar.

Yunanıstanın büdcə gəlirlərinin yarısı turizm sektorundan gəlir. Və indi ölkə onsuz da maliyyə böhranından əziyyət çəkir.