Anar kimi insanlar çox olsaydı...

Jurnalistika mütəxəssisi Zeynal Məmmədlinin "Azadlıq" qəzetinin yazarı Elnur Astanbəyliyə cavabı. (E.Astanbəylinin yazısını burda oxu)

Əziz Elnur!

Anar və AYB məsələsində köşə yazarlarını günahkar saymağımın səbəbini mediaya açıqlamışam.

“Qeyri-səmimilik” ifadəsini çox yersiz və gerçəkdən uzaq bildim.

90-cı illərdə Anar haqqında nə dediyim yadımda deyil, amma nə demədiyimi çox yaxşı xatırlayıram. İndi yorğunam, detallı və qısa yaza bilmirəm (bəlkə də bacarmıram).

Pıçapıç və dedi-qodular bir yana, doğrusu budur ki, Anarı həmişə bəyənmişəm.

O, bizim nəslin sevimli ağabəyi – abisi sayılır. Ondan, uzaqdan-uzağa, vətəndaşlıq dərsləri almışıq.

Məncə, özəl və ictimai əxlaqı baxımından Anar kimi insanlar çox olsaydı:

- indi çağdaş, demokratik və gəlişmiş Azərbaycanda yaşayırdıq;

- cəmiyyətdə qəzəb və nifrət ruhu arxivə atılmışdı;

- üzügülərlik adi hal almışdı;

- əyalət ruhu küncə sıxılmışdı;

- yalan, yaltaqlıq və yapmalıq çətin anlaşılan sözlərə çevrilmişdi;

- sən, tutalım, Kapri adasında həm yaradıcılığın, həm də yaşamın dadını çıxarırdın;

- LƏYAQƏT ən üstün dəyərə çevrilmişdi;

- Və s. və i.a.

Anarın (fikir ver, ona “müəllim”, “bəy” və ya “cənab” demirik, sanki yaşıdımız kimi yanaşırıq. Bu istək onun bizə anlayışlı olmasından qaynaqlanır) dəqiq bildiyim, yoxlayıb-inandığım özəllikləri bunlardır:

Qrif: Tam açıq.

Vətəndaş Anar haqqında düşüncə materialı

Üstün özəllikləri: Yaxşılığı dəryaya atıb. Yaltaqlıqdan zəhləsi gedib.

Heç vaxt rüşvət almayıb. Azərbaycanın öncül dünyayla bütünləşməsini həmişə arzulayıb və bu yolda bacarıb-bacarmadıqlarının hamısını edib.

Dəyərli oğul olub və sevimli atadır. Vaxtında – sovetlər dönəmində xoş sözləri az eşidib, amma tənqid (oxu: təhqir) edənlər heç də indidən az olmayıb.

Despotiyadan iyrənir.

Demokratiyanı anlayır (bəyənib-bəyənmədiyini bilmirəm, çünki yazıçılar, dərindən baxanda, xeyli asosial olurlar). Və s. və i.a.

Zəiflikləri: Üstünə gərəkdiyindən çox yük götürür deyə bəzən hövsələdən çıxır.

İşdə özünü doğrultmayanları çıxarmaq əvəzinə onların yerinə çalışır (menecer özəllikləri şübhə doğurur). Çox vacib görüşü (tutalım, rəsmilərin qəbulunu) unuda bilər.

Yardımına ehtiyac duyanlara kömək edərkən deyinir (amma yardımı sona çatdırır). Borc istəyə bilmir. Borc verməyi bacarır (həvəsli, ya həvəssiz).

Birdən özünə qapanır. Rəsmiyyəti anlayır, amma bəyənmir. Ara-sıra hərəkətsizlik və tərəddüd burulğanına düşür.

Çevik deyil. Bütün uğurlarını şansla deyil, əziyyətlə qazanıb. Xahiş və tapşırıqları sevmir (amma özünə ünvanlananda, adətən, əməl edir). Və s. və i.a.

Açıqlama davam edir
Əziz Elnur!


Sizin guşənizi həmişə izləyirəm. Qələminizə xas 3 “S”-ni – sadəliyi+səmimiliyi+sosiallığı sezib-sevirəm.

Bir oxucu kimi sözlüyünüzü və mövzuya dikinə yanaşmanızı və qəfil, amma çox-çox xoş duyarlı davranış(lar)ınızı da bəyənirəm, amma söhbət təkcə Sizdən getmədiyi üçün digər müsbət özəlliklərinizi xırdalamağa hələlik ehtiyac görmürəm.

Çoxdan əminəm ki, 3“S” heç vaxt 3”D”-ni əvəzləmir, yəni sadə, səmimi və sosial olub, dəqiq+doğru+dolğun olmamaq mümkündür.

Özünüz də razılaşarsınız ki, subyektivliyə nəzarətin fərqində olmamaq, şəxsi mülahizə və gümanları yeganə doğru saymaq Azərbaycan mediasının xəstəliyidir (səbəbləri bilirsiniz).

Fakt və fikir haçalığını görməzdən gəlmək, məlumata istiot, bibər və xardal (iqtidar qəzetlərində isə yumşaq desək, ziyanlı tərkiblərdən hazırlanmış şəkər+noğul+halva) qatmaq, plüralizmə qapı bağlamaq, tənqidlə təhqirin arasındakı qıl payını sezməmək də mediamızın köhnə azarıdır.

Qısası, Azərbaycan mediası bilgiləndirməkdən çox yönləndirməklə, yəni təbliğatla baş girləyir (iqtisadi duruma işarə).

Və bütün bu havada içərisində Sizin də bulunduğunuz bir qrup guşə yazarı, bəlkə mövzu qıtlığından, bəlkə jurnalistikaya deyil, ədəbiyyat dünyasına bağlılığını unutmamaq üçün, zaman-zaman, yazıçı Anarı hədəf götürür və ona Doğru Davranış Dərsləri keçir.

Sanki doğrunu bilir. Sanki bilür bilir bilüri…

Olarmı?

Çağdaş media etikası baxımından olar, çünki Anar ictimai fiqurdur.

Nə qədər siyasətdən uzaq olduğunu, ədəbi aləmə məxsusluğunu söyləsə də, Anarı hədəf seçmək olar.

Ona sevgi və ya nifrət məktubları yazmaq, ona heykəl ucaltmaq və ya virtual gilyotində onun başını üzmək də mümkündür. Amma ictimai önəmi varsa.

Amma toplumun parçalanmasına, bulanmasına deyil, durulmasına, bütövləşməsinə xidmət edirsə. Amma nifrət toxumları yox, sevgi və paylaşma duyğuları yayırsa.

Və ünlü yazıçısansa, ictimai fiqursansa (istər-istəməz) bunların cəfasına da. səfasına da dözməlisən.

Durum necədir?

İndi, insafən, özünüz saf-çürük edin görək, yanlış və doğruları saqqıza çevirməklə, bəzən doğru zaman və doğru məkan anlayışlarını heçə saymaqla, ara-sıra, uşaq maksimalizminə və yeniyetmə öfkəsinə yuvarlanmaqla nəyə nail olmusunuz?

Bəlkə plüralizmə qanad vermisiniz? Bəlkə cəmiyyəti müzakirə və debat ruhuna alışdırmısınız?

20-ci illərin bolşevik qəzetlərinə göz atın. 30-cu illərin qəzəb-nifrət-qətl epidemiyalarını yada salın.

Heç bənzərlik və tanış cizgilər görmürsünüz? Tanış üzlər, tanış sözlər, tanış baxışlar yenə təkrarlansın?

Kim deyir ki, səmimiyyət suçdan azad edir? Kim deyir ki, yarımdoğru yalan deyil? Kim deyir ki, ziyalılıq suçlamaqdır?

Kim deyir ki, cavab almamaq haqlılıq əlamətidir? Kim deyir ki, o Böyük Doğrunu tapıb?

Jurnalistin işi həqiqəti axtarmaqdır

Bunları bildiyinizdən əminəm, amma bunlara əməl etdiyinizdən əmin deyiləm (ata-ana və övladlarla bağlı mülahizələrin tonunu, nəyi hədəf götürdüyünü və kimlərə yarar saxladığını, ifşaedici “NKVD donosları”na bənzərlik dərəcəsini və s. və i.a.-rı xatırlayın).

Və ona da əminəm ki, çığır-bağırla çıxış yolu tapılmaz.

Qulaqla görməyə və ürəklə eşitməyə və beyinlə dinləməyə və gözlə düşünməyə ehtiyacımız var!

Sayqılarımla!

axar.az