Seymur Baycan Qarabağ müharibəsi haqda povest yazıb

Seymur Baycan. Foto Turxanındır.

“Mənin yeni əsərim indi Azərbaycanda Qarabağ müharibəsi haqqında yazılan romanlardan fərqlənir.

Həmin əsərlərdə görürsən ki, ya bir azərbaycanlı əsgər meydana atılıb bütün düşmənləri güllələyir, ya da ermənilərin hücumundan qaçanlar bir mağarada gizlənib düşmənə söyüş və qarğış yağdırır, onların hər şeyi azərbaycanlılardan oğurlamaqları haqqında danışırlar.

Mənim məqsədim isə bu müharibəyə neytral baxmaq – müharibənin reallıqlarını tərəf saxlamadan təsvir etmək olub”.

Yazıçı Seymur Baycan bunları yeni povesti haqda danışarkən deyib.

Hazırda Qaxda əsərini tamamlamaqda olan yazıçı Azadlıq Radiosunun “Oxu zalı”na açıqlamasında deyib ki, povest ilkin variantda “Düşərgə” adlanır.

- Nə qədər ritorik səslənsə də, mən bu əsərlə Qarabağı yada salmaq istəmişəm.

Yada salmaq istədim ki, bu müharibədən əvvəl iki xalq necə birgə yaşayırdı, sonra başlanan prosesləri insanlar necə ciddiyə almadı, ortaya tank, təyyarə çıxanda necə ayıldılar, hadisələr necə nəzarətdən çıxdı.

Bunlar hamısı mənim gözümün qarşısında baş verənlərdir.

Konfliktin qızışdığı bölgədə müşahidə etdiklərim, bundan başqa Füzuli rayonunda - hospitalda şahid olduqlarım – o qan...

- Qarabağ müharibəsi haqda əsər yazmaq ideyası necə yarandı?

- Bundan əvvəl mən Qarabağ müharibəsi haqqında “Dörd romantik hekayə” yazmışdım.

Gözləmədiyim halda çox yaxşı qarşılandı, çox oxundu.

Dostlar məni bu mövzuda yazmağı davam etdirməyə həvəsləndirdilər.

İki il hazırlaşdım, müharibə haqqında əsərləri – Tolstoyun, Heminqueyin, Remarkın və başqalarının romanlarını oxudum.

Düzdü, bu müharibələr fərqlidir, onlar əsasən böyük müharibələr haqqında yazıblar, Qarabağ müharibəsi isə 20 min adamın ölümünə səbəb olan kiçik müharibədir.

- Əsərin adının “Düşərgə” olması nəylə bağlıdır?

- 5 il qabaq mən Ermənistanda – Vanadzorda Qafqazdakı konflikt zonalarından olan, erməni, azərbaycanlı, gürcü və şimali qafqaz xalqlarından olan uşaqların dincəldiyi yay düşərgəsində olmuşdum.

Orada 12 gün qalmışdım. Əsər 1-ci şəxsin adından nəql edilir və müəllif həmin düşərgədə gördüklərindən çıxış edərək müharibəni xatırlayır.

Əsərin adı buradan götürülüb, amma kitabı çap edəcək “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu ilə bu adı müzakirə edəcəyik.

Həmçinin oxu
Seymur Baycan "Dörd romantik hekayə"