Dövlət büdcəsinə dəyişiklik edildi

Maliyyə naziri Samir Şərifov

Milli Məclisin iyunun 18-də keçirilən növbədənkənar iclasında «2010-cu ilin dövlət büdcəsi haqqında» qanuna prezidentin təklif etdiyi əlavə və dəyişikliklər qəbul edilib.

Təklif edilən əlavə və dəyişikliklərlə bağlı layihədə Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirlərinin 1 mlrd. 490 mln. manat, xərclərinin isə 1 mlrd. 011 mln. manat artırılması təklif olunurdu.

Maliyyə naziri Samir Şərifov bildirib ki, həmin vəsaitin 300 milyon manatı Kür və Araz çaylarının yaratdığı sel fəlakətinin fəsadlarının aradan qaldırılması və gələcəkdə anoloji halların baş verməməsi üçün tədbirlərin maliyyələşdirilməsinə, 400 milyon manat müdafiə xərclərinə əlavə ediləcək.

129 milyon manat isə yol layihələrinin başa çatdırılması, Bakı şəhərində tarixi əhəmiyyətli binaların bərpası, rayonlarda su və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına ayrılacaq.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov təbii fəlakətlə bağlı ayrılan vəsaitin az olduğun bildirib. Vahid Əhmədovun bu fikirini bəzi deputatlar da dəstəkləyiblər və gələcəkdə bu məsələyə yenidən baxılmasını təklif ediblər.

Müsavat Partiyası deputat qrupunun üzvü Pənah Hüseyn isə büdcəyə təklif edilən dəyişikliklərdə maaş alan şəxslərin yaddan çıxdığını bildirb. Deputat bildirb ki, neft gəlirləri müəllimlərin, həkimlərin, hərbçilərin insan kimi yaşamasına sərf olunmalıdır.

Spiker Oqtay Əsədov bu dəfə də Pənah Hüseynə çıxışı ilə bağlı irad tutub. Bu vaxt mübahisə yaranıb.

Pənah Hüseyn: «Oğurluq eləməsinlər».

Oqtay Əsədov: «Oğurluğu vaxtında siz eləmisiz».

Pənah Hüseyn: «İndi də siz edirsiniz».

Bundan başqa, müzakirələrdə deputatlar sövet dövründən qalma əmanətlərin qaytarılması məsələsini də gündəliyə gətiriblər.

Müzakirələrdən sonra 98 səs lehinə, 5 səs əleyhinə olmaqla Milli Məclis «Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında» qanuna dəyişiklikləri qəbul edib.