Qırğızıstandakı böhran faciəyə çevrilə bilər

Əgər beynəlxalq aləm tezliklə işə qarşmasa Qırğızıstandakı böhran faciəyə çevrilə bilər.

Bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutteres Almaniya radiosuna müsahibəsində deyib.

O bildirib ki, qonşu ölkələr və beynəlxalq aləm ölkədə sülh və sabitliyin bərpa edilməsində Qırğızıstandakı müvəqqəti hökumətə hər vasitəylə kömək etməlidilər.

Qırğızıstanın hakim dairələri iyunun 10-dan bu yana ölkənin cənubunda yerli qırğızlarla, özbəklər arasında baş verən toqquşmalarda azı 180 nəfərin öldüyünü , 2000 adamınsa yaralandığını deyir.

Beynəlxalq təşkilatlar isə bu toqquşmalarda yüzlərlə adamın öldüyünü xəbər verirlər.

BMT-nin qaçqınlar üzrə ali komissarlığı Özbəkistana ümumilikdə 275 min qaçqın gəldiyini xəbər verir.

Hazırda Daşkəntdə olan ABŞ dövlət katibinin köməkçisi Robert Bleykin cümə günü Türkmənistana gedəcəyi gözlənilir.