Şaitdin Əliyev YAP-ın MSK-da təmsilçisi seçildi

YAP-ın Mərkəzi Seçki Komissiyasında boş qalan yerinə Şaitdin Əliyev seçilib. Şaitdin Əliyev MSK-nın bir müddət əvvəl vəfat etmiş sədr müavini Svetlana Qasımovanın yerinə seçilib.

Şaitdin Əliyev YAP-ın yaradıcılarından hesab edilir. 1995-2005-ci illərdə deputat olub. Hazırda Milli Məclisdə məsləhətçi işləyir.

Hazırda MSK-da daha 2 yer boş qalır. Digər 2 yerə parlamentdə azlıqda olan partiya- Müsavat Partiyası təmsilçi göndərməli olsa da, partiya MSK-nın formalaşdırılma prinsipinə qarşı çıxdığından bu addımı atmır.

MM-in iyunun 8-də keçirilən iclasında Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu MSK-da boş yerlərin digər müxalifət partiyalarına verilməsi məsələsini bir daha qaldırıb. MM sədri Oqtay Əsədovsa deyib ki, dəfələrlə bu məsələ qalxsa da, parlamentdəki müxalifət partiyaları hələ də yığışıb bunu müzakirə etməyiblər.