Məşhur holland futbolçu və mütəxəssis Yohan Kroyff 2010-cu il Dünya çempionatının favoritlərinin adını çəkib. Onun sözlərinə görə, çempionluğa namizədlər İspaniya, Argentina və Braziliya yığmalarıdır.
Bu barədə Goal.com saytı xəbər verir.
Kroyff deyib ki, ispanlar dünya çempionatini yalnız Avro-2008-də oynadıqları kimi oynasalar uda bilərlər. Argentinalılara isə, Kroyff, təkcə Messiyə bel bağlamağı məsləhət görmür. Braziliyaya gəlincə isə, o deyir ki, Braziliya güclü qapıçı ilə güclü müdafiə əldə edib və Avropa komandasına oxşayır.
Kroyff həmçinin İngiltərə ilə Hollandiyanın da şanslarını qiymətləndirib. Onun fikrincə, İngiltərə 2010-cu ilin dünya çempionu olmayacaq. Kroyff deyib ki, Fabio Kapello İngiltərəyə məşqçi gələndən ingilislərin oyunları qabaqcadan proqnozlaşdırıla bilir:
«Kapellonun İngiltərə millisinin məşqçisi olması o deməkdir ki, bütün dünya ingilislərin necə oynayacağını biləcək. İtalyan məşqçilər ingilislərin şüuruna təsir edir. Ançelotti, Mançini və Kapello dediyimə nümunədir. İngilislərin mentaliteti dəyişir, onları yalnız nəticə maraqlandırır. 2006-cı il Dünya çempionatındakı biabırçılıqdan sonra ingilislər CAR-da tamaşa göstərməlidirlər, lakin Kapello ilə bu mümkün olmayacaq».
Hollandiyaya gəlincə isə, Kroyff deyib ki, orada güclü oyunçular toplaşıb. Lakin milli komandanın liderlərinin xarici klublarda oynaması holland yığmasına mane olur.