Parlament soyadları məsələsinə qayıdır...

Milli Məclis

Mayın 31-də Milli Məclis Ailə Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Əlavə və dəyişikliklərə görə, bundan sonra yeni doğulan uşaqlara adların qoyulması yalnız valideynlərin öhdəsinə buraxılmayacaq, bu zaman müvafiq icra hakimiyyətinin qoyduğu qaydalar nəzərə alınacaq.

Müzakirələr zamanı millət vəkilləri bildiriblər ki, indiyə qədər heç bir məhdudiyyətlər olmadığından valideynlər arasında hələ də öz övladlarına «Traktor», «Nəlbəki», «Qurultay» kimi adlar qoyanlar var.

Deputatlar deyiblər ki, bu kimi adlara görə, insanlar sonradan xəcalət çəkir, adlarını dəyişdirmək istəyəndə isə xeyli problemlərlə üzləşirlər.

Milli Elmlər Akademiyasının ad və soyadlarla bağlı hazırladığı hesabata görə, hazırda ölkə əhalisinin 10 faizi «-lı,-li», 10 faizi isə «-zadə» sonluqlu familiyaların daşıyıcısıdırlar, qalan 80 faiz əhalinin familiyası isə «-ov, -ev» sonluğu ilə bitir.

Yeni əlavə və dəyişikliklərə görə, yeni doğulan uşaqlara ad və soyadlar qoyulanda seçim üçün əvvəlcə dörd variant təklif olunacaq. Qalan hallarda isə müvafiq icra hakimiyyətinin qoyduğu qaydalara əməl etməklə ad və soyadlarını dəyişdirə bilərlər.