Qırğızıstandakı məhbus azərbaycanlının səhhəti pisləşib

Vüqar Xəlilov

Qırğızıstanda çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı Vüqar Xəlilovun səhhəti pisləşib. O, onurğa sütunu yırtığından əziyyət çəkir. Bu barədə AzadlıqRadiosuna qardaşı Azər Xəlilov məlumat verib.

Mayın 17-də Qırğızıstan Ombudsmanı Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanan V. Xəlilova baş çəkib və onun bir qədər axsadığını bildirib:

«Qardaşıma baş çəkən həkim müayinədən sonra onun təcili xəstəxanaya yerləşdirilməsini məsləhət görüb və rəsmi kağız yazıb verib. Ombudsman tibbi müayinə hüququna dair məsələləri təmin etməyə çalışacağını deyib».

Britaniya vətəndaşı, «BBC» radiosunun sabiq əməkdaşı Vüqar Xəlilov aprelin 12-də çirkli pulların yuyulması ittihamı ilə həbs olunub. V. Xəlilov özü bu ittihamları qəbul etmir.

Qardaşı bildirib ki, saxlanıldığı gündən bu günə qədər Vüqar «sorğu-sual edilməyib, sadəcə orada saxlanır».