Alverçi qadınlar döyüldüyünü deyir

«8-ci kilometr bazarı»

«8-ci kilometr bazarı» yaxınlığında ticarətlə məşğul olan qadınlar «Diqlas» Ticarət Mərkəzindən şikayətçidir.

Onların dediyinə görə, mayın 1-də Ticarət Mərkəzinin təhlükəsizlik işçiləri səyyar ticarətlə məşğul olan bir neçə qadını döyərək mallarını dağıdıb. Səyyar ticarətçilərə bildirilib ki, bu ərazidə alver etmək olmaz:

- «15 ildir burada mal satırıq, milislər yalvar-yaxarla bizi bir təhər yola verir. «Diqlas»ın oğlumuz yaşında «oxranları» bizə hücum edib, deyirlər küçə alveri olmaz. Amma «Diqlas»ın arxasında yekə «tolkuçka» açıb, 1 metrini 10 manatdan verirlər. Deyir gəlib orada almalısan, yoxsa gəlib döyəcəm. Mənim qonşumu təpik-yumruq ediblər. Nə olar ki, indi pulumuz yoxdur. Azərbaycanda sahib-yiyə yoxdur bəyəm?».

- «90-cı ildən indiyə kimi burada alver var, kasıb adamlardır, küçədə qoyub satırlar. Ancaq hansısa nazirin «Diqlas», «Lotos» ticarət mərkəzi tikiləndən sonra camaatı buradan yığışdırmağa başladılar. Burada 10-12 qadın dayanıb, ticarət edir. Özləri «Diqlas»ın düz arxasında küçə alveri – «tolkuçka» açıblar, yer satırlar. Buranı dağıdırlar, satanları qəsdən döyürlər ki, qadınlar «tolkuçka»ya keçsin, ayda da onlara filan qədər pul versinlər».

Əraziyə nəzarət edən polis nümayəndəsi Əşrəf Seyidov AzadlıqRadiosuna bildirib ki, bu insanların küçədə ticarət etməsi qanunsuzdur:

«Biz onlara təzyiq etmirik, çünki əksəriyyəti Qarabağdan olan məcburi köçkün və şəhid ailələridir».

Amma «Diqlas» Ticarət Mərkəzinin təhlükəsizlik işçiləri suallarımızı cavablandırmadılar:

«Bizə göstəriş verilib ki, danışmayaq».