Diktaturaya qarşı dünyaca məşhur roman Azərbaycan dilinə çevrildi

Corc Oruel

“Azərbaycan” jurnalının yeni sayında məşhur ingilis yazıçısı Corc Oruelin “1984” romanından bir hissə Vilayət Quliyevin orijinaldan tərcüməsində oxuculara təqdim olunub.

Oruelin bu romanının baş qəhrəmanı Uinston Smitin hər addımı öz partiyası – cəmiyyəti totalitar qaydalarla idarə edən yeganə partiya tərəfindən güdülür.

Cəmiyyətdə heç kəsin şəxsi fikri ola, heç kəs partiyadan xəbərsiz bir addım ata bilməz.

Smit şəxsiyyəti məhv edən bu totalitar sistemə qarşı təkbaşına qiyam edir...

Bu əsər SSRİ-dəki totalitar rejimə qarşı yazılıb. Onu nəinki Sovetlər Birliyində qadağan etmişdilər. Qərbdəki kommunist partiyaları da romanı boykot edirdi.

Jurnalda mütərcimin əsər haqqında fikirləri əks olunan “Totalitarizmi vahiməyə salan kitab” adlı yazısı da yer alıb.

Yazıda qeyd edilir ki, Oruelin bu romanı indiyə qədər 70-dən çox dilə tərcümə olunub. “Bu, bir müəllifin əsərinə müraciət baxımından ingilis ədəbiyyatı üçün rekord göstərici sayılır”.

Xatırladaq ki, buna qədər C.Oruelin “Heyvanıstan” adlı romanını da məhz V.Quliyev orijinaldan Azərbaycan dilinə tərcümə edib.

“525-ci qəzet”