Tomas Mirov Bakıya gəlir

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirov

Martın 15-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirov Azərbaycana səfər edəcək.

Səfərdə məqsəd bankla Azərbaycan hökuməti arasında əməkdaşlığın davam etdirilməsinin müzakirə olunması, ölkəyə uzunmüddətli dəstək göstərilməsidir.

AYİB-in Bakı nümayəndəliyinin verdiyi məlumata görə, səfər çərçivəsində T.Mirov prezident İlham Əliyev və digər yüksək vəzifəli dövlət məmurları ilə görüşəcək.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə AYİB Azərbaycanda infrastruktur, korporativ, energetika və maliyyə sektorunda 90-dan çox layihənin həyata keçirilməsi üçün 1 milyard dollardan artıq kredit verib.

2010-cu ildə AYİB Azərbaycanda 12 layihənin həyata keçirilməsi üçün 220 milyon dollar məbləğində vəsait ayırmağı planlaşdırır. Cari ildə təbii sərvətlər, telekommunikasiya, maliyyə sektorlarında layihələr bank üçün prioritet olacaq.