Qırğızıstanda AzadlıqRadiosunun verilişlərini efirdən çıxardılar

«Manas əks-sədası» adlı telestansiyanın rəhbərliyi bildirib ki, onlar bunu hakimiyyətin təzyiqi ilə ediblər

AzadlıqRadiosunun qırğız xidmətinin tele-radio verilişlərinin yayımı dayandırılıb.

Verilişləri yayımlayan «Manas əks-sədası» adlı telestansiyanın rəhbərliyi bildirib ki, onlar bunu hakimiyyətin təzyiqi ilə ediblər.

Bir müddət əvvəl qırğız hakimiyyəti telestansiyanı xəbərdar etmişdi ki, onlar AzadlıqRadiosunun iki populyar verilişi – «Narahat suallar» və «Azadlıq Plyus»u dayandırmasalar, yeni lisenziyanın alınmasında çətinliklərlə üzləşəcəklər.

Azadlıq/Azad Avropa Radioları Korporasiyasının prezidenti Cefri Qedmin hadisəni pisləyib:

«Sonuncu insident azad, qərəzsiz xəbəri məhdudlaşdırmaq üçün son addımdır. Təəssüf ki, «Freedom House»un «Dünyada azadlıq» hesabatında deyildiyi kimi, Qırğızıstanda vəziyyət pisləşir».

ABŞ Dövlət Departamenti də son hesabatında bildirmişdi ki, Qırğızıstanda insan haqları qanunlarla qorunsa da, reallıqda bu qanunlara əməl olunmur:

«Xüsusilə də hökumət media yayım haqlarını pozur və jurnalistlərin gözünü qorxudan addımlar atır».