Aqşin Yenisey birinci yerdədir

“Ən yeni ədəbiyyat” seriyasında kitabı çap edilən gənc yazarlar arasında hələ ki ən çox satılan Aqşin Yeniseyin ”Cənnətdə terror aksiyası” əsəridir.

Bu haqda seriyanı çap edən “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu Milli.az portalına müsahibəsində bildirib.

- Dekabr ayında Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası” kitabı nəşr olundu, sonra Pərvizin “Yad dildə”, ardınca Sevinc Pərvanənin “Şəhər” və Rasim Qaracanın “Əyri evin qadını” kitabları.

Yanvar fevral aylarının satış göstəriciləri belədir: Hələ ki Aqşinin kitabı ən çox satılandı. Biz dükanlar arasında da sorgu keçirdik. Bizə maraqlıydı ki, görək hansı dükan daha çox satıb bu kitabları. Bəlli oldu ki, “Akademiya” kitab dükanı 1-ci yerdədir, ikinci yerdə “Etud”, üçüncü yerdə “Əli və Nino” dördüncü yerdə isə “Rebus”dur.

Söz verdiyimiz kimi növbəti təqdimat “Akademiya” kitab dükanında olacaq.

"Ən yeni ədəbiyyat" seriyasından çıxan ilk kitabı biz hər il bayram edəcəyik. O zaman bütün mükafatlar veriləcək.

Bu işlər üzərində işləyirəm. Bəzi planları indidən açmaq istəmirəm.

Qeyd edək ki, dekabrda "Cənnətdə terror aksiyası" kitabının polis tərəfindən maneçilik törədilməsi haqda yayılmışdı.

Kitaba daxil olan postmodernist üslublu "Cənnətdə terror aksiyası" hekayəsində sivilizasiyaların toqquşması temasına rişxəndli yanaşma var.

Müəllif sivilizasiya, mədəniyyət simvolu kimi əsərə daxil etdiyi aftafanın hansı dinə mənsub olan insanlar tərəfindən yaradılması ilə bağlı elmi mübahisələr fonunda əslində özünü digərindən üstün sayan mədəniyyətlərin bir bezin qırağı olduğunu və dini təfəkkürün bütün formalarının insanın sərbəst düşüncəsinə qənim kəsildiyini göstərmək istəyir.