Deputat Yazıçlılar Birliyinin sədri olmaq istəməsi haqda deyilənləri təkzib edir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov qarşıdan gələn qurultayda Yazıçlılar Birliyinin sədri olmaq istəməsi haqda deyilənləri təkzib edib.

Lent.az-a verdiyi müsahibədə millət vəkili deyib:

- Bu heç vaxt ağlıma gələ bilməz. Əvvəla həqiqətən də Yazıçılar Birliyini dövrün mürəkkəbliyindən, problemlərdən Anar çıxarıb.

Bu gün Yazıçılar Birliyi yaşayırsa, birinci növbədə ümummilli liderimizə borcluyuq ki, bu təşkilat üçün bütün şəraiti yaradıb. Anar isə dediyim kimi bu qurumu böhrandan çıxarıb.

Hesab edirəm ki, Anar bu işi sonsuza qədər davam etdirməlidir.

Ancaq ortaya çıxan müəyyən iddiaları da təbii hesab edirəm.

Hər bir qələm sahibinin ixtiyarı var ki, bu iddiaya düşsün və sədr seçilsin. Bu iddiaya görə kimisə qınamaq düzgün deyil. Ancaq mən səs verəsi olsam, birinci növbədə Anara səs verərəm.

- Bu yaxınlarda Azərbaycanda dövlət mükafatlarını müəyyənləşdirəcək komissiya yaradılıb. Komissiyanın üzvü olmasanız da, bu barədə fikirləriniz maraqlı olardı.

- Bu çox yaxşı işdir. Bu gün Azərbaycanda “xalq” fəxri adının verilməsi ənənəsi var. Ancaq mənə elə gəlir ki, dövlət mükafatının verilməsi daha məqbuldur, nəinki “xalq” fəxri adının...

Burada artıq qiymət əsərə verilir. Bir də ki, fəxri adların verilməsi məsələsi artıq bütün dünyada aradan qalxmaq üzrədir.

Dövlət mükafatlarının, orden və medalların verilməsi isə çox populyardır. Biz sadəcə ənənəni davam etdiririk.

Yəqin ki, gələcəkdə fəxri adların verilməsi daha az olacaq və tədricən sıradan çıxacaq...