Bakının qaz boruları 2013-cü ilədək dəyişdiriləcək

Bakının qaz təsərrüfatı yenidən qurulacaq. «Azəriqaz» QSC-nin sədr müavini Nazim Səmədzadə bildirib ki, şəhərin köhnə qaz boruları dəyişdiriləcək, yeni sistemə qoşulacaq:

«Bu təcrübədən Naxçıvan şəhərinin qaz təsərrüfatının yenidən qurulmasında artıq istifadə olunub. Şəhər daxilində orta təzyiqli qaz paylanmasına nail olunub. Bu, 3 il ərzində Bakıya da tətbiq olunacaq».

«Azəriqaz» rəsmisinin dediyinə görə, 2013-cü ilə qədər ölkə üzrə bütün qaz kəmərlərinin yenidən bərpası həyata keçiriləcək və bütün respublikanın təbii qazla təminatı bərpa olunacaq.

O bildirib ki, 1995-ci ildə qaz kəsiləndən sonra borular köhnəlmişdi, təsərrüfat dağılmışdı. Bu proqram 1995-ci ilə qədər qaz alan rayonların da qazla tam təminatına zəmanət verir.

2018-2020-ci ilə qədər isə yeni salınmış qəsəbələrin qazlaşdırılması nəzərdə tutulur.