«Mən Eynulla Fətullayevin həyatı üçün qorxuram»

Andres Herkel

«Mən Eynulla Fətullayevin həyatı üçün qorxuram. Onun həyatı barədə çox qorxuram».

Bunu fevralın 11-də Bakıda keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib:

«Ümid edirəm ki, mənim bu fikirlərim əsassızdır. Yəqin ki, işə Avropa İnsan Haqları Məhkəməsində ədalətlə baxılacaq».

Herkel bildirib ki, həbsdə olan jurnalist Eynulla Fətullayev barəsində yeni açılmış cinayət işini Bakıda keçirdiyi görüşlərdə rəsmilərlə müzakirə edib.

«Gündəlik Azərbaycan və «Realnı Azerbaydjan» qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayev terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

Ötən ilin dekabrın 29-da isə ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb. Onu bu ittihama görə 3 il azadlıqdan məhrum etmə gözləyə bilər.