Astara sərhəd keçid məntəqəsinin önündə insident

İran Azərbaycanla viza rejimini fevralın 1-dən birtərəfli qaydada ləğv etsə də, hər iki tərəfin gömrükxanasında bununla bağlı şərait yaradılmayıb

Fevralın 11-i səhər saatlarında Astara sərhəd keçid məntəqəsinin önündə insident baş verib. İranın «Səhər» beynəlxalq televiziya kanalının əməkdaşları çəkiliş apararkən Astara gömrük idarəsi rəisinin birinci müavini Abbas İsmayılov kameranı jurnalistin əlindən almaq istəyib. Bu da İrana gedənlərin narazılığına səbəb olub. Qarşıdurma yaranıb.

Hadisə yerinə rayon polis şöbəsinin rəisi Rəşid Səfərov gəlib. Astara rayon sakini Rufulla Axundov polis şöbəsinə aparılıb. Polis şöbəsindən AzadlıqRadiosuna bildiriblər ki, R.Axundov keçid məntəqəsində baş verən hadisə ilə bağlı şöbəyə dəvət olunub. Onunla söhbət etdikdən sonra sərbəst buraxılacaq.

Polis şöbəsindən onu da deyiblər ki, «Səhər» televiziya kanalının əməkdaşlarını axtarırlar.

İran Azərbaycanla viza rejimini fevralın 1-dən birtərəfli qaydada ləğv etsə də, hər iki tərəfin gömrükxanasında bununla bağlı şərait yaradılmayıb. Tibbi arayış ləğv olunsa da, İran gömrükxanası bunu qəbul etmir. Digər tərəfdən, hər bir Azərbaycan vətəndaşına yalnız 3 kiloqram yük aparmağa icazə verilir. Bu qayda İran vətəndaşlarına şamil edilmir. Azərbaycanın Astara gömrükxanası isə heç bir səbəb göstərmədən əhalinin gediş–gəlişini ləngidir. Nəticədə Astara keçid məntəqəsinin önündə minə yaxın adam toplaşıb.