Azərbaycan alimləri naməlum planetlərin axtarışına başlayıb

Şamaxı Astrofizika Rəsədxanası təmirdə. 26 noyabr 2009

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasında yeni spektroqraf qurulub. Bu barədə AMEA-dan bildiriblər.

Yeni spektroqrafın ayırdetmə qüvvəsi 400 000-ə çatacaq. Onun vasitəsilə uzaq ulduzların ətrafında naməlum planetlərin axtarışı və müşahidəsi aparılacaq. Postsovet məkanında mövcud olan rəsədxanaların heç birində hələlik bu proqram həyata keçirilmir.

Qeyd edək ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının yaranmasından 50 il keçir.

Bu müddət ərzində rəsədxana tərəfindən 1000-ə yaxın ulduzun spektral xüsusiyyətləri öyrənilib, onlarla qalaktikanın, planetar dumanlıqların fiziki xüsusiyyətləri tədqiq olunub, planetlərin və onların peyklərinin sistematik müşahidələri aparılıb, Günəş sisteminin kiçik cisimlərinin mənbəyi barədə keyfiyyətcə yeni nəzəriyyələr işlənib.