Məhmət Əli Ağcadan Türkiyə kəşfiyyatına maraqlı təklif

Məhmət Əli Ağca, 12 yanvar 2006

1981-ci ildə Roma Papasına sui-qəsd etdiyi üçün İtaliyada ömürlük həbs cəzası alan Məhmət Əli Ağca terrorçu Üsamə bin Laden barəsində Türkiyə Baş Kəşfiyyat İdarəsinin rəisinə məktub yazıbmış.

Jurnalist Saygı Öztürk həmin məktubu «Əlaltı Məsih» adlı kitabında çap edib.

Ağcanın 1 sentyabr 2000-ci ildə yazdığı məktub belədir:

«Möhtərəm qardaşım Şenkal Atasagun,

Mənim həqiqi bir vətənpərvər və türk milliyyətçisi olduğumu yaxşı bilirsiniz. Ən yaxşı dostum Abdullah Çatlı ilə bu vətənə, dövlətə az xidmət etməmişik. 1979-1980-ci illərdə iki dəfə Dəməşqdə erməni terrorizminin atası, türk düşməni Hafiz Əsədə qarşı sui-qəsd təşkil etdik, ancaq müvəffəq ola bilmədik. Bu barədə dövlət arxivlərində bəlkə də heç nə yoxdur, ancaq həqiqət belədir.

Möhtərəm qardaşım Şenkal Atasagun,

Amerika bizə APO-nu hədiyyə verdi. Biz də Amerikaya psixopat terrorçu bin Ladeni hədiyyə verək. Mən təkbaşına Əfqanıstana gedər, bin Ladenin təşkilatına daxil olar və onu ölü və ya diri Amerikaya təhvil verərəm. 5 milyon dollarlıq mükafatı da zəlzələdən zərər çəkmiş qardaşlarımıza verərik».

2006-cı ilin yanvarında həbsxanadan buraxılan Məhmət Əli Ağca bir neçə gün azadlıqda qalandan sonra yenidən həbs olunub. Bu dəfə 1979-cu ildə «Milliyyət» qəzetinin baş redaktoru Abdi İpəkçini öldürdüyünə görə.

Ağca artıq yanvarın 18-də həbsdən çıxacaq. O, İtaliyaya getmək üçün ərizə verib.