DÖVLƏT İNSTİTUTLARINDA EKSPERTİZALAR OBYEKTİV KEÇİRİLMİR
Azadlığın və Sülhün Müdafiəsi beynəlxalq hüquq təşkilatının sədri Mətləb Mütəllimli deyir ki, Azərbaycanda cinayət, ölüm və digər işlər üzrə ekspertizalar istintaq orqanının təqdimatı ilə həyata keçirilir. Bu sahə inhisardadır və ona görə də ekspertizalar əksər hallarda obyektivliyi əks etdirmir. Hüquqşünasın sözlərinə görə, müstəqil ekspertizanın yaranmasına zərurət var:
«Bildiyiniz kimi, məhkəmələrdə, istintaq orqanlarında dövlət müəssisələrində olan ekspertizaların imkanlarından istifadə olunur. Bu da bir növ tərəflər arasında çəkişmə prinsipini pozur. Müdafiə tərəfi istədiyi halda istənilən alternativ ekspertiza hüququndan istifadə edə bilmir».
Mətləb Mütəllimli deyir ki, Nazirlər Kabinetinə və Milli Məclisə müstəqil ekspertizaların yaradılması ilə bağlı təkliflər hazırlanır. Təkliflər yaxın vaxtlarda ölkənin müstəqil hüquqşünasları və vəkilləri tərəfindən müzakirə olunacaq.
Hüquqşünasın sözlərinə görə, ibtidai istintaqın ekspertiza rəyləri məhkəmələrdə əsas sübut kimi qəbul olunur. Müdafiə tərəfi yalnız təkrar ekspertizanın keçirilməsi tələbini qoymaq hüququna malikdir ki, bu zaman məhkəmə yenə də dövlət ekspertiza institutlarına müraciət edir. Ekspertiza İnstitutu da ya təzyiq altında, ya da sadəcə, verdiyi ilkin rəyini təkzib etməmək üçün oxşar rəy verməli olur:
HƏQİQƏTİN ORTAYA ÇIXMASI ÜÇÜN MÜSTƏQİL EKSPERTİZA MÜTLƏQDİR
«Ordu sıralarında elə hallar olur ki, əsgərlər bu və ya digər səbəblərdən ölür, ya öldürülür, ad qoyurlar ki, özü-özünü öldürüb. Tutaq ki, valideynlər öz övladlarının psixi durumunu daha yaxşı bilirlər, onlar əmindirlər ki, övladları özünü öldürməz. Ancaq bu imkandan məhrumdurlar ki, alternativ ekspertizaya müraciət etsinlər və həqiqət ortaya çıxsın. Bu, Azərbaycan hökuməti üçün böyük qüsurdur. Bunun da nəticəsində çoxlu insanların qanı batıb».
Hüquqşünas Namizəd Səfərov təşəbbüsü dəstəkləsə də, müstəqil ekspertiza institutunun yaradılacağına inanmır:
Hüquqşünas deyir ki, Azərbaycanda müstəqil ekspertiza yaradılmasına maraq göstərilmir. Bir çox ölkələrdə isə bu təcrübədən geniş istifadə olunur:
MÜSTƏQİL EKSPERTİZANIN YARADILACAĞI AĞLABATAN DEYİL
«Normal ölkələrdə müstəqil ekspert kimi fəaliyyət göstərmək üçün lisenziya alırlar. Əgər vətəndaş, yaxud müdafiəçi tələb edirsə, ekspertiza dövlətin ekspertiza institutunda yox, pulunu ödəməklə müstəqil bir ekspert tərəfindən həyata keçirilir».
Hüquqşünasın fikrincə, əgər hökumət müstəqil ekspertizaların yaradılmasına «hə» desə:
«Əlbəttə, əla olar, özbaşınalıqların heç olmasa bir hissəsinə son qoyular. Ancaq hesab edirəm ki, bu, Azərbaycanda mümkün deyil».
BİZİM BİR MƏQSƏDİMİZ VAR - EKSPERTİZANIN NƏTİCƏSİ OBYEKTİV OLSUN
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin direktor müavini Hamlet Musayev isə dövlət ekspertiza institutlarında keçirilən ekspertizaların nəticələrinin obyektiv olmaması fikri ilə razı deyil:
«Bizim praktikamızda çox hallarda olur ki, təkrar ekspertizanın nəticəsi ilkin ekspertizanın nəticəsini təkrarlamır. Bir sıra hallarda əldə olunan ekspertiza rəyi tərəfi qane eləməyəndə deyir ki, burda təşkilat mənafe müdafiə edir. Ümumiyyətlə, təşkilatın mənafe müdafiə etməsi fikri yanlışdır. Bizim bir məqsədimiz var - ekspertizanın nəticəsi obyektiv olsun».
Hamlet Musayev müstəqil ekspertiza institutlarının yaradılmasını real görmür:
«Azərbaycan şəraitini götürsək, inanmıram ki, 3-5 nəfər birləşib belə bir müəssisəni yaratmaq iqtidarında ola».
Azərbaycanda iki ekspertiza institutu fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində yalnız şəxsiyyətə qarşı olan cinayətlərə aid ekspertizalar keçirilir. Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzi isə 40-dan çox sahə üzrə ekspertiza həyata keçirir.