Azadlıq Radiosuna şikayətdən sonra hamının xəttinin nümunəsi götürüldü

Çindəki 300 milyon kompyuterə nəzarət nə qədər çətindir, ancaq hökumət bundan çəkinmək istəmir

Çauşesku dövründə Rumıniyada qeydiyyatdan keçməmiş çap maşını olanı ölüm cəzası gözləyirdi.

Əllə şikayət yazmaq da ayrı problem idi.

Rumınlar Azad Avropa/Azadlıq radiolarına diktatoru tənqid eləyən şikayət məktubları yazanda bu məktublar yolda açılanda Nikolae Çauşesku əmr verdi ki, bütün rumınların dəst-xəttinin nümunəsi götürülsün.

Bu qaydalar 1989-cu ilə - sosializm dağılana, Çauşesku tutulub, güllələnə qədər davam elədi.

Deyə bilərlər ki, bu, keçmişdə qaldı.

Ancaq Wall Street Journal yazır ki, indiki avtoritar hökumətlər məktubları oxumaqdan, çap maşınını qeydiyyata almaqdan daha betərini edirlər.

300 MİLYON KOMPYUTERƏ NƏZARƏT

Çin hökumətinin əmrinə görə, Çində satılan hər bir kompyuterdə Green Dam proqramı olmalıdır. Bu proqram siyasi və dini mövzuda hökumətin xoşuna gəlməyən saytları blok edir.

Yeni ilin birinci bazar ertəsində çinlilər kompyuterlərini açıb gördülər ki, qadağan olunmuş Youtube, Facebook, Twitter kimi saytlar açılır. Ancaq bir neçə saatdan sonra bu saytlar yenə bağlandı.

Bu hadisə göstərir ki, Çindəki 300 milyon kompyuterə nəzarət nə qədər çətindir, ancaq hökumət bundan çəkinmək istəmir.

ÇİNDƏ İLDƏ 80 MİN ETİRAZ OLUR

Çin senzuraya meylli olduğunu gizlətmir də. Çinin ictimai təhlükəsizlik naziri Kommunist Partiyasının “Həqiqət axtarışında” adlı jurnalında yazır ki, anti-korrupsiya və digər sosial etirazlar üçün Web-dən istifadəni məhdudlaşdırmaq lazımdır. Hazırda Çində irili-xırdalı belə etirazların sayı ildə 80 mindir.

Nazir Meng Jianzhu yazır ki, “İnternet anti-Çin qüvvələrinin əlində sabotaj vasitəsinə çevrilib”. “Ona görə İnternet məsələsinə düzəliş lazımdır”.

Keçən ay Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi yeni qaydalar müəyyən etdi. Bundan sonra Çində yalnız qeydiyyatdan keçən saytlara girmək mümkün olacaq.

İNTERNET İNTRANET OLACAQ

Forbes jurnalı bu yaxınlarda yazırdı ki, belə getsə, Çində İnternet olmayacaq, İntranet olacaq. Yəni, daxili kompyuter şəbəkəsi olacaq.

Çinin ən tanınmış dissidenti Lu Siaobo insan haqlarına, söz azadlığına və qanunun aliliyinə çağırışına İnternet vasitəsilə 10 min imza topladı. Buna görə o, keçən ay 11 illik həbs cəzası aldı.

1989-CU İLİ YADA SALANDA ...

Yenidən 1989-cu ilə qayıdaq. Lu tutulmamışdan qabaq öz bloqunda yazırdı: “1989-cu ilə nə var ki. O vaxt vur-tut yalnız bəzilərinin telefon danışığına qulaq asılırdı. Yerdə qalanlar öz motosikllərini Pekinin harasına istəyirdilər, ora da sürürdülər”.